21 
iyn
2023
15:42
404

3-cü müharibə olarsa: Azərbaycanı kim dəstəkləyəcək?

21 iyn, 2023
15:42
404

3-cü müharibə olarsa: Azərbaycanı kim dəstəkləyəcək?

Son zamanlar Azərbaycan-Ermənistan sərhəd ərazilərində hərbi-siyasi vəziyyətin gərginləşməsi müşahidə edilir. 

Demək olar ki, hər gün vaxtaşırı Azərbaycanla sərhəd olan müxtəlif ərazilərdə mövqe quran Ermənistan Silahlı Qüvvələri Zəngilan, Laçın, Kəlbəcər, Gədəbəy və Tovuz istiqamətlərində, o cümlədən Naxşıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tuturlar.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin intensivləşdiyi bir zamanda hər iki dövlətin sərhəd ərazilərində bu kimi hadisələrin mütəmadi xarakter alması təsadüf ola bilməz və bu, yaxın gələcəkdə regionda ciddi təlatümlərin baş verəcəyindən xəbər verir. Ermənistan və Azərbaycanda, hətta Rusiyada bəzi ekspertlər hesab edirlər ki, növbəti müharibə baş verərsə, bu, bütün regiona təsir göstərəcək. Onlar regionda var olan kənar siyasi güclərin bu müharibədə iştirakını istisna etmirlər. 

Ümumiyyətlə, Bakı və İrəvan arasında hərbi qarşıdurma iki dövlət kontekstindən kənar müharibəyə gətirib çıxara bilər? 

Den.az bildirir ki, məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması halları Cənubi Qafqazda geosiyasi mübarizənin əlamətləridir: 

“Bu geosiyasi mübarizə Azərbaycan-Ermənistan qarşıdurması kontekstindən çox kənara çıxıb. Çünki bu geosiyasi mübarizədə əsasən ABŞ, Avropa İttifaqı, Rusiya, İran, Türkiyə və Fransa iştirak eləyir. Sərhəd ərazilərdə Ermənistanı təxribatlara sövq edən ölkələrin siyahısında Rusiya və Fransa öndə gəlir. Nə Moskva, nə də Paris Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır.

Fransa bu regionda öz təsir imkanlarını artırmaq üçün daim silahlı toqquşmaların baş verməsini istəyir, Rusiya isə regiondan çıxmamaq üçün hər cür siyasi oyuna əl atır. Əlbəttə ki, hər iki dövlət Cənubi Qafqazla bağlı geosiyasi maraqlarının həyata keçməsində Ermənistanı sərfəli siyasi alət kimi görür. Faktiki olaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün münasib şərait var idi. Ancaq Rusiya və Fransa, o cümlədən İranın siyasi oyunlar qurması səbəbindən sülh prosesi dalana dirənib.

Sülh sazişinin əhəmiyyətindən danışmağımıza baxmayaraq görürük ki, hazırda Azərbaycan ilə Ermənistan arasında növbəti müharibənin baş verməsi daha çox ehtimal olunur. Yəqin ki, regionda hərbi-siyasi vəziyyətin gərginləşməsinin qarşısının alınmasına yönələn hər hansı ciddi və zəruri tədbirlər görüləcək. Ermənistan tərəfindən təxribat xarakterli hücum baş verərsə, Azərbaycan advekat cavab verəcək. Onu da qeyd edim ki, gələcək hadisələr fonunda Rusiya və Fransanın Ermənistana hər hansı formada dəstək göstərməsi məlum olacaq”. 
Politoloq vurğulayıb ki, Rusiya, Fransa və İranda müəyyən siyasi dairələr məkrli siyasi oyunlar qurmaqla Azərbaycanı Ermənistanın ərazisinə müdaxiləyə təhrik etməyə çalışar: 

“Azərbaycan həmin siyasi güc mərkəzlərin siyasi oyunlarının mahiyyətini çox yaxşı anlayır. Ölkəmiz buna uyğun şəkildə öz rasional addımlarını atacaq. Əgər Azərbaycan onların siyasi oyunlarına aldansa idi, ordumuz erməni tərəfinin təxribatlarına qarşı çoxdan hərəkətə kəçərdi.
Amma gördüyümüz kimi, Azərbaycan Ordusu erməni tərəfinin təxribatlarına lazımi səviyyədə cavab verir. Azərbaycan təxribatları planlayan siyasi qüvvələrin maraqlarının qurbanı olmamağa çalışır, əksinə onların bütün maraqlarını puça çıxarır. Amma indiki halda bütün dünya görür ki, Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq öz ərazisində zəruri addımlar atmağa haqqı var.

Onu da nəzərə almaq lazımdır ki, erməni tərəfinin təxribatları elə bir səviyyəyə çata bilər ki, Azərbaycan buna mütləq ciddi reaksiya verməli olar. Onsuz da Azərbaycan bu məsələdə haqlı olaraq qalır. Azərbaycan üzərində heç bir beynəlxalq təzyiqdən söhbət gedə bilməz”. 
Ermənistana hər cür dəstək göstərən Rusiya-İran cütlüyü və Azərbaycanın arxasında hər zaman dayanmağa hazır olan qardaş Türkiyə arasında hərbi-siyasi toqquşmaların baş verəcəyi təqdirdə ABŞ və Avropa İttifaqının reaksiyasına gəlincə, E.Xalidbəyli Qərbin Cənubi Qafqazda sülhün bərqərar olması üçün təsir imkanlarını daha da artıracağını vurğulayıb: 

“Hazırda ABŞ və Aİ-nin əsas hədəfi Ermənistanı Rusiyanın forpostundan çıxarmağa istiqamətlənib. Həm ABŞ, həm Avropa İttifaqının Cənubi Qafqazla bağlı ilkin geostrateji hədəfi Rusiyanı tamamilə bu regiondan çıxarmaqdır. Bu regionda ciddi və güclü hərbi-siyasi qarşıdurmaların müşahidə edildiyi təqdirdə ABŞ və Avropa İttifaqı tərəfindən zəruri addımların atılacağı istisna deyil. İrana gəlincə, Tehranın hərbi qarşıdurma zamanı Ermənistana dəstəkləcəyi şübhə doğurmur. İrandakı rejimin məqsədi ondan ibarətdir ki, türk dünyasını birləşdirən böyük strateji layihə - Zəngəzur dəhlizi heç cür reallaşmasın. Demək olar ki, İranın əsas hədəfləri buna söykənib.

Xatırlayırsınızsa, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər zamanı açıq şəkildə qeyd etdi ki, Zəngəzur dəhlizinə ən böyük maneə Ermənistan yox, İrandır. Ona görə də həm Azərbaycan, həm də Türkiyə bu istiqamətdə addımlarını atarkən İran tərəfindən gözlənilən təhlükəni nəzərə alacaq. O ki qaldı Rusiyanın siyasi oyunlarına, yuxarıda qeyd etdiyim kimi, Moskva Cənubi Qafqazı hər vəchlə öz əlində saxlamağa çalışır. Qarabağda erməni separatizminin mövcudluğu Rusiyanın regionda geosiyasi nüfuzunun möhkəmlənməsinə xidmət edir. Moskva bu bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına hər vasitə ilə mane olacaq”. 
E.Xalidbəyli vurğulayıb ki, digər siyasi güc mərkəzlərinə nisbətən ABŞ Cənubi Qafqazda mövcud siyasi proseslərin nizamlanmasına daha çox maraq göstərir: 

“Vaşinqton mümkün qədər Bakı ilə İrəvan sülh müqaviləsinin tez bir zamanda imzalanmasına çalışır. Hesab edirəm ki, əgər hər iki dövlət arasında ciddi hərbi toqquşmalar baş verərsə, ABŞ Ermənistanı dəstəkləməyəcək. Cənubi Qafqazda ABŞ üçün sərfəli, münasib və lazımi müttəfiq yalnız Azərbaycan ola bilər. Çünki Azərbaycan Rusiyanın nəzarəti altında deyil, müstəqil və sərbəst siyasət yürüdür.
Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadi-siyasi və enerji sahələrində öz mexanizmlərini tətbiq edə bilir. Həm də Azərbaycan Cənubi Qafqazda lider ölkə hesab olunur. Azərbaycan kimi dövlətlə strateji tərəfdaşlıq qurmaq ABŞ üçün daha münasibdir”. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar