19 
iyn
2023
17:40
159

XİN-in müraciəti qarışıqlıq yaratdı: Naxçıvana avtobus reysləri dayandırılıb?

19 iyn, 2023
17:40
159

XİN-in müraciəti qarışıqlıq yaratdı: Naxçıvana avtobus reysləri dayandırılıb?

Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası səbəbilə 3 ildən çoxdur bağlıdır. 

Lakin İran ərazisindən keçməklə Naxçıvana avtobus reysləri təşkil olunurdu. Naxçıvana təyyarə ilə getmək istəməyənlər bu yoldan istifadə edərək səfərlərini həyata keçirirdi. Son zamanlar Azərbaycanın Tehrandakı səfirliyinə təşkil olunmuş terror hücumundan sonra iki ölkə arasındakı gərginlik, həmçinin, İranın özündə yaşanan hadisələr və Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan vətəndaşlarına İrana səfər etməmək çağırışı ilə əlaqədar Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətinin dayandırılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Den.az xəbər verir ki, deputat Fazil Mustafa Cebhe.info-ya açıqlamasında hazırda Naxçıvana yeganə yolun hava nəqliyyatı olduğunu deyib: 

“Hamıya aydındır ki, Naxçıvana yalnız təyyarə yolu qalıb. Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi ki, imkan daxilində İrandan hərəkət etməyin. Bu, bütövlükdə Azərbaycan üçün təhlükəlidir. Çünki bir terrorçu dövlətdən söhbət gedir, istənilən şantaj edə bilər.

Necə ki, azərbaycanlı Fərid (Almaniyadan İrana səfər edən və İranda saxlanılan azərbaycanlı gənc Fərid Əsgərli) adlı oğlanı həbsə atıblar, onu qanunsuz şəkildə müəyyən məsuliyyətə cəlb ediblər. Halbuki o, tamamilə başqa məqsədlə, məişət xarakterli səyahət eləyib. Ona görə də İranda hərəkət etmək məsələsi böyük problemdir. Bu baxımdan hesab edirəm ki, ancaq təyyarə yolu qalıb. Bu faktdır.

Bilet kassalarının qarşısında da insanların düzülüşü, narazılığı videoçəkilişlərlə göstərilir. İnsanlar dəfələrələ bildirirlər ki, bu qədər növbə var, bilet ala bilmirik, bizim də yaxın adamlar ayın sonuna qədər bilet tapa bilmirlər. Çox acınacaqlı vəziyyətdir”. 

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin katibi Tural Orucov Cebhe.info-ya bildirib ki, Naxçıvana avtobus reysləri gündəlik olaraq həyata keçirilir:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan istiqamətinə gündəlik 3 avtobus reysi reallaşdırılır. Nəqliyyat vasitələrinin hərəkəti tərtib edilmiş qrafikə və cədvələ uyğun olaraq həyata keçirilir. Biletləri isə həm onlayn qaydada, həm də avtovağzalın qabaqcadan və gündəlik satış kassalarından əldə etmək mümkündür”. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar