22 
iyn
2023
01:52
256

Avropa Oyunlarının açılış mərasimi keçirilib

22 iyn, 2023
01:52
256

Avropa Oyunlarının açılış mərasimi keçirilib - FOTO

Polşanın Krakov şəhərində təşkil olunan III Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Den.az Apasport.az -a istinadən xəbər verir ki, tədbir Krakovun “Henik Reyman” stadionunda təşkil olunub.
1953-cü ildə inşa olunan bu arenada “Visla” futbol klubu öz oyunlarını keçirir. 33 min 326 tamaşaçı tutumuna malik stadiondakı açılış mərasimi dolu tribunalar önündə gerçəkləşib. Tədbirin bütün biletləri bir ay öncədən satılıb.
Açılış mərasimindən Avropa Olimpiya Komitələri, təşkilatçı ölkə Polşanın rəhbər şəxsləri, həmçinin digər ölkələrdən olan qonaqlar, o cümlədən Azərbaycan Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin rəsmiləri iştirak ediblər. Açılış mərasiminin bədii hissəsi xoreoqrafiyası ilə göz oxşayıb. Musiqi və rəqslərin sintezindən qurulmuş ssenaridə polşalı müğənnilər Trbos və Roksi Vengel, Ukraynanın “Kaluş” hip-hop qrupu kimi tanınmışlar da iştirak edib. Həmçinin Kşiştof Çuqovski, Qoleç və Orkestr, Zakopover, Darya je Şląsk, Kamil Bednarek, Munyek və Prjyaasiele də açılış mərasiminin ulduz qonaqları sırasında yer alıb.
Bakı vaxtı ilə saat 22:30-da start götürən mərasimdə idmançıların paradı da olub. Azərbaycan millisi paraddan keçib. Bayrağımızı qılıncoynadan Barat Quliyev və oxatan Yaylagül Ramazanova daşıdığı halda, onu yığmamızın şef-de-missionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər. Yarışa gec qoşulacaqları üçün sonradan Polşaya yollanacaq, həmçinin yaxın müddətdə mübarizəyə qoşulacaq və digər şəhərlərdə gücünü yoxlayacaq atletlər tədbirdə iştirak etməyib. Azərbaycan millisi paraddan 6-cı keçib.
Açılış mərasimində yarışın məşəli də yandırılıb. Krakovdakı stadionda bu vəzifəni 3 yerli atlet yerinə yetirib.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında Avropanın 48 ölkəsindən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 14 növ üzrə 101 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multi-idman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar