20 
avq
2023
13:56
300

Bakıda ər arvadının xalası oğluyla yazışdığını öyrəndi, qətlə yetirdi

20 avq, 2023
13:56
300

Bakıda ər arvadının xalası oğluyla yazışdığını öyrəndi, qətlə yetirdi

Bakıda 1993-cü il təvəllüdlü Talıb qısqanclıq zəminində yaranan münaqişə zəminində həyat yoldaşı Elmiranı (adlar şərti verilib - red.) qətlə yetirib.

Den.az Teleqraf.com-a istinadən xəbər verir ki, Talıb 2015-ci ildə rəsmi nikahda olduğu arvadı Elmiranın mobil telefonda xalası oğlu Qasımla mesajlaşdığını görüb, onun xəyanət etdiyini düşünüb.

Bu səbəbdən o, münaqişə nəticəsində arvadının övladları ilə valideyinlərinin yaşadığı Goranboy rayonuna qayıtmasından sonra qisas almaq niyyəti ilə ona ağır zərər vurmaq qərarına gəlib.

Arvadından şübhələndi

Talıb arvadı ilə barışıq görüntüsü yaradaraq onu və valideyinlərini Bakı şəhərinə dəvət edib. Kirayə götürdüyü Biləcəri qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində Elmiranın istifadəsində olan telefon nömrəsini dəyişdirmək üçün onun təklifindən imtina etməsi səbəbindən aralarında yenidən mübahisə yaranıb.

Talıb Elmiranı döymək məqsədi ilə ona zəng edib, yalandan dostugilə qonaq aparacağını bildirib. Onunla metronunun "Azadlıq" stansiyasının görüşüb və avtobusla Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesinin 6-cı kilometrliyinə gəlib.

Qısqanclıq və qətl

Talıb Elmiranı yolun sağ tərəfi ilə ünvansız boş əraziyə aparıb, əvvəlcə ayağı ilə vuraraq onu yerə yıxıb. Sonra sinəsi üzərində oturaraq arvadının yalvarışlarına məhəl qoymayıb. Ona ağır bədən xəsarətləri yetirib.

Daha sonra Talıb Zabrat-Kürdəxanı şossesi ilə hərəkətdə olan, əvvəllər tanımadığı "Vaz 2104" markalı avtomobili saxlatdırıb və arvadını həmin avtomobillə 3 saylı xəstəxanaya aparıb. Qadın aldığı xəsarətlər nəticəsindən xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən Talıbın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

"Mesajdan şübhələnmədim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Talıb ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, atasının bibisi nəvəsi Elmira ilə ailə qurub: "Toydan sonra Elmira ilə birlikdə Goranboy rayonunun kəndində ata evində yaşamağa başladıq. Birgə nikahdan iki övladımız oldu.

Elmiranın telefonuna mesaj gəlmişdi. Telefona baxanda mesajı onun xalası oğlu Qasımın göndərdiyini və "salam, necəsən" sözləri yazıldığını gördüm. Həmin nömrəyə zəng etdim. Qasıma Elmiraya nəyə görə mesaj yazdığını soruşdum.

Qasım mesajı özünün yox, qardaşı arvadı Simanın yazdığını bildirdi. Şübhələnmədiyim üçün həmin məsələ ilə maraqlanmadım".

"Arvadım bəzənmişdi deyə..."

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Elmira və uşaqları ilə birlikdə Bakının Günəşli qəsəbəsində kirayə mənzilə köçüblər:

"Həmin vaxt "Neftçilər" metrosunun yaxınlığında yerləşən kafedə dönərçi işləməyə başladım. Yay aylarında Qasım işlədiyim kafeyə gəldi və bildirdi ki, Bakıya həkimə müayinəyə gəlib, məni ziyarət etdikdən sonra avtovağzala getmək istəyir, amma yolu tanımır. Qasıma yolu izah etdim və o, sağollaşaraq getdi.

Qasımın gəlişindən şübhələndim və bir neçə dəqiqə sonra onun telefon nömrəsinə zəng etdim. Qasım telefonu açmadı. İşdən evə gələrkən arvadımı bəzənmiş vəziyyətdə gördüm. Onun Qasımla görüşməsindən şübhələndim".

"Sevgi mesajlarını oxudum"

Təqsirləndirilən şəxs deyib ki, bundan bir müddət sonra Elmiranın telefonuna baxarkən "İnstagram" sosial şəbəkəsindən istifadə etdiyini görüb: "Elmiradan "İnstagram" hesabının parolunu soruşsam da, demədi. Buna görə aramızda mübahisə yarandı. Elmiraya ayrılacağımı bildirdim və onu evdən qovdum.

Elmira uşaqları da götürərək Goranboy rayonuna atasıgilə getdi. Bundan sonra Elmiranın "İnstagram" sosial şəbəkəsindəki hesabının adını və şifrəsini öyrənmək üçün onunla barışmaq məqsədi ilə Goranboy rayonuna getdim. Əsl məqsədimi Elmiraya bildirmədim.

Elmiranın atasıgilin evində bir gün qaldım. "İnstagram"da tanış olduğum tanımadığım proqramçılar vasitəsi ilə Elmiranın hesabının şifrəsini öyrəndim. Hesabına girərək mesajları oxudum. Elmiranın xalası oğlu Qasımla bir-birlərinə sevgi mesajları yazdıqlarını gördüm".

"Oğlanlarla mesajlaşıb"

Talıb qeyd edib ki, bundan başqa Elmira tanımadığı oğlanlarla da mesajlaşıb: "Həmin gün Qasımla danışdığını Elmiranın özünə və valideynlərinə bildirdim. Bu səbəbdən aramızda mübahisə baş verdi.

Elmira ilə münasibətlərimiz yenidən korlandı. Onun hərəkətlərini qəbul edə bilmədim və yenidən ayrı yaşamağa başladıq. Aramızda baş verən mübahisələr səbəbindən Elmira barəmdə polisə şikayət elədi və boşanmaq üçün məhkəməyə müraciət etdi. Məhkəmə barışmaq üçün bizə vaxt verdi".

"Görüşdüyünü düşündüm"

Talıb deyib ki, bu hadisələrdın sonra Bakıya qayıdıb və "Sovetski" adlanan ərazidə kirayə ev tutub, dönərçi işinə davam edib: "Elmira isə Goranboy rayonunda atasıgilin evində qaldı. Elmiraya qarşı əsəbi olduğumdan ona təhqiredici məzmunda mesajlar yazdım. Amma hirsim soyumadı. Onu döyüb şikəst etmək qərarına gəldim. Bu məqsədlə Elmira ilə barışdım. Bir neçə gündən sonra telefonla danışarkən o, atasının evdə olmadığını, Gəncə şəhərinə getdiyini bildirdi.

Elmiranın anası uzun müddət Türkiyədə yaşadığından, atasıgildə uşaqlardan başqa heç kimin olmadığını bildim. Qasımın həmin gün ora gələcəyindən şübhələndim. Elmiraya həmin axşam və səhəri gün bir neçə dəfə zəng etsəm də, telefona cavab vermədi. Buna görə də Qasımla görüşdüyünü düşündüm".

"Başa düşdüm ki, yenə də telefonla danışır"

Təqsirləndirilən şəxs deyib ki, növbəti gün Elmira ilə telefonla danışarkən ona şübhələndiyini bildirməyib: "Onu Bakı şəhərinə dəvət etdim, birlikdə yaşamağı təklif etdim. Elmira təklifimlə razılaşdı. "Sovetski"də digər kirayəşinlərlə birlikdə qaldığımdan ailəm üçün Biləcəri qəsəbəsində kirayə mənzil götürdüm.

Elmira övladlarım, anası və atası ilə birlikdə Bakı şəhərinə gəldi. Onları qarşılayaraq kirayə tutduğum evə apardım. İki gündən sonra Elmiranın anası işləri ilə əlaqədar Goranboy rayonuna qayıtdı, atası isə bizimlə qaldı.

Hadisədən bir neçə gün əvvəl, işdə olarkən Elmiraya zəng etdim. Onun telefon nömrəsinin məşğul olduğunu gördüm. Şübhələndiyim üçün həmin dəqiqə Qasımın istifadəsində olan telefon nömrəsinə də zəng etdim. Onun da telefonu məşğul olduğundan başa düşdüm ki, Elmira yenə də Qasımla telefonla danışır".

"Nömrə almağıma razılaşmadı"

Talıbın sözlərinə görə, Elmiraya öz adına yeni nömrə alacağını bildirsə də, buna qəti etiraz edib: "Mənə "sənin adına telefon nömrəsi işlətsəm, telefon zənglərimi çıxardarsan" - dedi. Bu cavabdan bərk qəzəblənsəm də, hirsimi boğdum. Ona bir söz demədim.

Bu söhbətdən sonra Elmiranı döyüb şikəst etmək qərarımı qətiləşdirdim. Növbəti gün fikirləşdim ki, onu evdən çıxararaq Zabrat, yaxud Kürdəxanı ərazisində sakit bir yerə aparıb, orada döyərək şikəst edim".

"Huşunu itirdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, Elmiraya zəng edib, "Azadlıq" metrosunun yanına gəlməsini, dostugilə qonaq gedəcəklərini deyib, uşaqları isə evdə babası ilə birlikdə saxlamasını xahiş edib:

"Saat 19 radələrində Elmira ilə "Azadlıq" metrosunda görüşdük, "Koroğlu" stansiyasına, oradan isə avtobusla Kürdəxanı qəsəbəsinə tərəf getdik. Saat 20.30-da Zabrat-2 qəsəbəsindən keçərkən yolun kənarında boş və sakit ərazi olduğunu gördüm. Buna görə də avtobusu saxlatdırdım.

Elmira ilə birlikdə avtobusdan düşdük. Təxminən 250 metr içəriyə doğru piyada getdik. Ətrafda hündür elektrik dirəkləri olan əraziyə çatarkən qəfildən sağ ayağımla Elmiranın sol ayağından təpiklə vurdum. Onu arxası üstə yerə yıxdım və sinəsi üzərinə çıxaraq üstündə oturdum.

Elmiradan Qasımla neçə il görüşürdüyünü, mənə xəyanət etdiyini soruşdum. Elmira yalvardı, bağışlanmasını xahiş elədi. Barmağımı Elmiranın gözünə soxaraq onu kor etməyə çalışdım. Lakin buna mane oldu.

Bundan sonra yumruğumla Elmiranın üz-baş nahiyələrinə 9-10 dəfə, 5-6 dəfə də öz başımla ona zərbələr endirdim. Elmira məndən bağışlanmasını xahiş etdi.

Daha sonra ayağa qalxdım. 5-6 dəfə də sinəsinə və qarnına təpik zərbələri vurdum. Elmiranın səsi kəsildi və huşunu itirdi".

"Həkimə təhvil verdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, Elmiranın dili qatlandığından kömək edərək dilini açıb: "Rahat nəfəs almağa başlasa da, huşu özündə deyildi.

Elmiranın hərəkətsiz olduğunu gördüm və onu xəstəxanaya aparmaq qərarına gəldim. Təxminən 20-25 metr sürüdüm, torpaq yola çıxardım. Sonra isə piyada avtomobil yoluna getdim. Yoldan keçən taksi avtomobilini saxlatdım, həmin avtomobillə Elmiranı olduğu yerdən götürərək 3 saylı xəstəxanaya apardım. Xəstəxanaya çatandan sonra Elmiranı təkərli çarpayıya qoyaraq həkimə təhvil verdim. Daha sonra xəstəxanadan çıxdım və kirayədə yaşadığım evə getdim".

Talıb qeyd edib ki, növbəti gün Elmira xəstəxanada vəfat edib. Daha sonra həbs olunduğunu söyləyən təqsirləndirilən şəxs hadisəni namus üstündə törətdiyini etiraf edib. Amma deyib ki, məqsədi öldürmək yox, şikəst etmək olub.

"Məndən üzr istədi"

İş üzrə şahid qismində ifadə verən Qasımın sözlərinə görə, mərhum Elmira onun xalası qızıdır:

"Təqsirləndirilən Talıb isə sinif yoldaşımdır. Qardaşımın həyat yoldaşının mobil telefonu olmadığına görə mənim mobil telefonumdan Elmiraya mesaj yazdı. Aradan bir neçə saat keçdikdən sonra Talıb mənə zəng etdi, Elmiraya nə səbəbdən mesaj yazdığımı soruşdu. Talıba qardaşım arvadının mesaj yazdığını bildirdim. Bundan sonra Talıb səhv başa düşdüyünü bildirdi, məndən üzr istədi".

Qasımın sözlərinə görə, 2018-ci ildə Talıb Elmira və övladları ilə birlikdə Günəşli qəsəbəsinə köçüblər: "Talıb "Neftçilər" metrostansiyasının yaxınlığındakı kafelərdən birində dönərçi işlədi. Həmin ərəfədə həkim müayinəsindən keçməkdən ötrü Bakı şəhərinə gəldim. Müayinədən sonra Talıbın iş yerinə getdim, onunla görüşdüm. Ona Biləcəri qəsəbəsində yerləşən avtovağzala getmək istədiyimi, lakin yolu tanımadığımı dedim. Ondan yolu soruşdum. Talıb mənə yolu izah etdi. Mən də Goranboya qayıtdım".

"Mənə sevgisini bildirib"

Qasım qeyd edib ki, Elmira "İnstagram" sosial şəbəkəsindəki hesabından onun hesabına bir qohum kimi mesaj yazıb, hal-əhval tutub: "Elmiraya "İnstagram"a girdiyinə görə irad tutmuşam və ailəli olduğunu xatırladıb, ona yazmamasını xahiş etmişəm. Buna baxmayaraq Elmira yenə də yazmaqda davam edib.

Elmiranın uşaq vaxtından məndən xoşu gəldiyini bilsəm də, mənim ona qarşı sevgi hissim olmayıb.

Elmira sosial şəbəkədə şəkillərimi bəyənərək mənə sevgisini bildirib. Mən isə Elmiraya "İnstagram"a girməməsini, ailəsində problemlər yarana biləcəyini demişəm. Onun mənə yazmağından Talıbın da xəbəri olub. Buna görə onların arasında mübahisə yaranıb. Elmira boşanmaq üçün məhkəməyə müraciət edib. Amma bir müddət sonra Talıbla barışdığına görə boşanmaqdan imtina edib".

Şahid qeyd edib ki, həmkəndlisi Eldar ona zəng edib: "Talıbın Elmiranı döyərək xəsarət yetirdiyini bildirdi. Bundan iki gün sonra Elmiranın aldığı xəsarətlərdən xəstəxanada öldüyü mənə məlum oldu. Elmira ilə sevgili münasibətində olmamışam. Onunla görüşməmişəm və cinsi əlaqədə olmamışam".

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılan hökm əsasında hazırlanıb. Məhkəmənin hökmü ilə Talıb 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar