Xəbərin Kateqoriyası: Xəbərlər

Siyavuş Novruzov: Deputatlar tərif üçün sıraya düzülüblər

 

Milli Məclisin (MM) aprelin 3-də keçirilən növbəti iclasında sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyi və ölkə hakimiyyəti haqqında gedən müzakirələrə münasibət bildirilib.

Oxu.Az-ın xəbərinə görə, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu məsələyə münasibətini bildirib və qeyd edib ki, istər Azərbaycandan kənarda yaşayan bəzi insanların, eləcə də, ölkə daxilində bəzi qüvvələr və şəxslərin anti-Azərbaycan fəaliyyəti yolverilməzdir.

Onun sözlərinə görə, bu insanlar və qüvvələr sosial şəbəklərdə Azərbaycan dövlətinə qarşı, Azərbaycan xalqının nüfuzuna və imicinə xələl gətirən fəaliyyətlə məşğul olurlar.

“Bu insanların əməlləri yolverilməzdir və pislənilməlidir”, - deyə Z.Səmədzadə bildirib.

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da bu yöndə sərt fikirlər səsləndirib və həmkarlarını susmamağa, Azərbaycan dövlətinin müdafiəsinə qalxmağa səsləyib.

“Əgər burada tərif müzakirələri olsaydı, o zaman çoxları məndən qabağa düşərdi, sıraya düzülənlərin sayı-hesabı olmazdı. Niyə susursunuz, niyə cavab vermirsiniz? Dövlətə, orduya, millətə müxalifətçilik, düşmənçilik olmaz. Bunları edənlərə cavab verilməlidir”.

MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da həmkarlarının fikirlərini müdafiə edib:

“Bizə görüşlər zamanı deyirlər ki, niyə onlara cavab vermirsiniz? Onlara hər kəs cavab verməlidir, heç kim susmamalıdır. Bəyənmirsənsə, xoşuna gəlmirsə, tənqid et, irad bildir, amma sən nə haqla ölkəni, millətini, dövləti təhqir, biabır edirsən? Sənə kim bu haqqı verib? Ölkəyə, millətə qarşı müxalifətçilik, düşmənçilik olarmı? Belələrinə ar olsun”.

Parlamentin İntizam komissiyasının sədri Ağacan Abıyev müzakirələr zamanı məsələyə sərt münasibətini bildirib: 

“Azərbaycan həmin şəxslərdən imtina etməlidir. Onlar Azərbaycanı sevmirlər. Azərbaycandan danışırlarsa, inkişafdan danışsınlar. Onlar öyrədilmiş və ya aldadılmış insanlardır”.

Sonra çıxış edən deputat Novruz Aslanov xaricdə Azərbaycan hökuməti əleyhinə iş aparanları “ünsür” adlandırıb.

O bildirib ki, ölkədə xalq-iqtidar birliyi var: 

“Aprelin 11-də prezident seçkiləridir. Xalqın seçimi bəllidir”.

Deputat Elmira Axundova deyib ki, mübarizəni kişi kimi aparmaq lazımdır: 

“Onlar səviyyəsiz adamlardır. İstəyirlərsə, gəlib kişi kimi burada mübarizə aparsınlar. Kişi bıçağı kürəkdən saplamaz. Mübarizəni kişi kimi aparmaq lazımdır. Mən də burada ciddi tənqidlər səsləndirirəm. Amma heç vaxt dövlətimə, millətimə qarşı çıxmıram.

Tənqid ayrı şey, təhqir ayrı şey. Siyavuş müəllim, biz də öz mövqeyimizi bildiririk, susmuruq, etirazımızı bildiririk. Bu yaxınlarda “Şərq” qəzetində və digər media orqanlarda öz mövqeyimi ortaya qoymuşam, anti-Azərbaycan fəaliyyəti aparanları pisləmişəm”.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız