Xəbərin Kateqoriyası: Xəbərlər

Rublun və lirənin dəyərsizləşməsi manata necə təsir edəcək?


Azərbaycanın əsas ticarət tərəfdaşlarında -Türkiyə, Rusiya və İranda bu ölkələrin milli valyutaları dollara nisbətdə kəskin dəyər itirməkdədir. Prosesin Azərbaycana, eləcə də manatın məzənnəsinə necə təsir edəcəyi sual doğurur. 

Qeyd edək ki, Mərkəzi Bank sədri Elman Rüstəmov milli valyutanın dəyərdən düşməsi üçün heç bir fundamental amilin olmadığını deyib. Bildirib ki, valyuta hərraclarının əksəriyyətində tələb təklifi üstələyib. 

Nəzərə çatdıraq ki, ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub.

Fondun açıqlamasına görə, üç ay ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1%, yaxud 516.8 milyon ABŞ dolları çoxdur.


İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir:

“Fond birjalarının qırmızıya “boyanması” ilə yanaşı rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.

Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var”.

O ki qaldı manatın taleyinin necə olacağına S.Əliyev deyir ki, suala dəqiq cavab vermək asan deyil:

“Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökummət 2015-ci il ssenarisini təkarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də Mərkəzi Bank üzən məzənnə siyasətini keçidi elan etməsinə rəğmən manatı əvvəlki qaydada tənzimləyir. Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir manatı təhlükə gözləmir. İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatı "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir.

Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu qarşıda çətinliklər gözləyir”.


 

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, cari ilin üç ayında hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb: 

“Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 21.7%), martda isə 647 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 77.7%) satılıb.

2017-ci ilin yanvar-mart ayları ərzində Fond cəmi 793.4 milyon dollar həcmində xarici valyuta satmışdısa, bu ilin eyni dövründə bu rəqəm 1.3 milyard dollaradək yüksəlib. Xarici valyutaya tələbin artması valyuta dəyişmə məntəqələrində də milli valyutanın kursunun cüzi də olsa, azalmasına səbəb olub.

Əgər ilin əvvəlində banklar 1 dolları orta hesabla 1.69 manat kursu ilə alırdılarsa, indi alış məzənnəsi 1.7025-dək dəyişib. Bu arada, Rusiya və Türkiyədə milli valyutaların məzənnələri də psixoloji həddən aşağı düşüb.

Artıq Rusiyada 1 dollar almaq üçün 60 rubldan, Türkiyədə isə 4 lirədən çox pul ödəmək lazımdır. Proqnozlaşdırdığımız kimi, hər iki qonşumuz Qərb ölkələri ilə gərginliyə iqtisadi baxımdan duruş gətirməkdə çətinlik çəkirlər. Bunlarla yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir.

Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür”.

V.Bayramovun sözlərinə görə, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır:

“Bu baxımdan, rublun dəyərsizləşməsi manata təzyiqləri artıran faktorlardandır. Qeyri-neft sektorunda ikinci paya malik olan Türkiyədə də milli valyutanın ucuzlaşması bizim üçün arzuolunan deyil. Azərbaycanda büdcə xərcləmələri və eləcə də, idxalın artması fonunda dollara tələbin növbəti aylarda artacağı gözlənilir.

Azərbaycanda dollara tələbin artması və eləcə də, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Neft bumu dövründə inzibati metodla 0.78 məzənnəsi qorumaq nə qədər məqsədəuyğun deyildisə, indi dəyişməyən 1.70 kursunun saxlanması o qədər arzuolunan deyil.

Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalı idi və çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olardı”.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız