28 
iyl
2023
16:35
177

Anasının "Tiktok"da biabırçı şəkillərini gördü, öldürdü - Bakıda qətl

28 iyl, 2023
16:35
177

Anasının "Tiktok"da biabırçı şəkillərini gördü, öldürdü - Bakıda qətl

2022-ci il aprelin 20-də Nizami Rayon Polis İdarəsinə rayon ərazisində naməlum qadının bıçaqlanması, cinayəti törədən şəxsin bıçağı ataraq, hadisə yerindən qaçması barədə məlumat daxil olur.

Dərhal hadisə yerinə çıxan əməliyyat qrupu Rüstəm Rüstəmov küçəsi, 48 saylı binanın yaxınlığında, "Mitsubishi" markalı avtomobilin sağ ön hissəsində qadın meyiti aşkar edirlər. İsti izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin qadının oğlu, 15 yaşlı İdeal Məmmədzadə olması müəyyənləşir və o saxlanılır.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Den.az bildirir ki, lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, İdeal Məmmədzadə 2019-cu ilin avqust ayında anası Sevinc Məhərrəmovanın istifadəsində olan mobil telefona baxarkən, onun "Tik-Tok" və "İnstagram" sosial şəbəkələrində müxtəlif kişilərlə intim yazışmalar aparmasını görüb bu barədə atası Zaur Məmmədova məlumat verib. 

Anasının bu hərəkətlərinə görə valideynləri Xətai rayon məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşandıqdan sonra atası ilə birlikdə yaşamağa başlayıb. 2022-ci il aprelin 19-da qisas məqsədi ilə öz mobil telefonundan anasının telefonuna mesaj yazaraq, növbəti gün, saat 12-də sonuncunu R.Rüstəmov küçəsi, 48 ünvanında yerləşən özəl bankın yanına, görüşə çağırıb. Niyyətini həyata keçirmək üçün babasının yaşadığı mənzilin mətbəxindən bıçağı götürərək, məktəbli çantasına qoyub və Sevinc Məhərrəmova ilə görüşə gedib. Qeyd olunan ünvanda anası ona yaxınlaşan zaman, çantasından çıxardığı bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə 3 dəfə zərbə vurub. Bu hərəkəti ilə İdeal Məmmədzadə anasını qəsdən həyatdan məhrum edib. 

İş üzrə dindirilən İdeal Məmmədzadə bildirib ki, valideynləri ilə Bakı şəhərinin Xətai rayonunda yaşayıb. Anasının xəyanət etməyini, onun  heç bir yerdə işləmədiyi halda tez-tez evdən çıxıb, evə gec qayıtmasından, yataq otağına girib, saatlarla kiminləsə telefonla danışmasından, nəhayət məqam tapıb, telefonundakı məlumatlara baxarkən onun tanımadığı şəxslərlə intim yazışmalarını aşkar etməsindən bilib. 
Atası Zaur işi ilə əlaqədar tez-tez Türkiyəyə getdiyi üçün o, bacısı və anası ilə evdə qalıb. 2019-cu ilin dekabr ayında babasının evində olanda şübhələri barədə bibisinə danışıb. Atası bunları biləndən sonra, məhkəməyə müraciət edib və anası ilə boşanıb. Anasının başqa kişilərlə yazışmasını sinif yoldaşları və məhəllədəki həmyaşıdları da bilib, bu səbəbdən sonuncular onu təhqir edib. Buna dözməyərək oxuduğu məktəbi dəyişib, lakin küçəyə utandığından çıxa bilməyib. Valideynləri boşandıqdan sonra artıq anası ilə danışmayıb, ümumiyyətlə onunla əlaqələrini kəsib.
2022-ci il aprelin 19-da Əhmədli qəsəbəsində İngilis dili və Riyaziyyat fənlərindən fərdi məşğələ dərsləri olub. Axşam müəllimin yanından çıxıb, babasının R.Rüstəmov küçəsi, 4 ünvanında yerləşən evinə yollanıb. Anasının telefonuna, görüşmək istəməsi haqda mesaj göndərib. Anası görüşməyə razı olduğunu bildirdikdə, ona ayın 20-i saat 12-də babasıgilin evinin yaxınlığında yerləşən bankın qarşısına gəlməsini bildirib. Səhər evdən çıxarkən, mətbəx bıçağını götürüb, çantasına qoyub. Anasının, "Neftçilər" metrosu tərəfdən, piyada gəldiyini görüb, ona yaxınlaşıb. Məktəbli çantasını yerə qoyaraq, bıçağı çıxarıb. Ardıcıl zərbələr vuraraq, kəsici aləti yerə atıb və qaçıb. Evə gəlib, nənəsinə anasını bıçaqla vurduğunu deyərək, gedib ona kömək etməsini xahiş edib. Sonra zəng edib atasına, anasını bıçaqla vurduğunu bildirib. 15 dəqiqədən sonra gələn atası onu polis idarəsinə aparmaq istəyərkən, polis əməkdaşları babasının evinə gələrək, onu 24-cü şöbəyə aparıblar.

Təqsirləndirilən şəxs əlavə edib ki, anasını bıçaqla vurmaqda məqsədi, onu tanıyan uşaqların qınağından qurtulmaq olub.
Şahid Zaur Məmmədov ifadəsində göstərib ki, İdeal Məmmədzadə onun doğma oğludur, Sevinc Məhərrəmova isə onun həyat yoldaşı olub. Qadınla 2006-cı ildə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. İşi ilə əlaqədar əksər vaxtlar xarici ölkələrdə olub. 2020-ci ilin dekabr ayında Ukraynadan geri qayıtdıqda yoldaşı ona, boşanmaq üçün məhkəməyə ərizə verdiyini bildirib. Əvvəl bunu zarafat kimi qəbul edərək "boşanmaq fikrində" olmadığını söyləyib. Amma arvadının qəti şəkildə bunu istədiyini gördükdə, o da öz növbəsində boşanma ilə əlaqədar məhkəməyə müraciət edib. Həmin ərəfələrdə bacısı ona bildirib ki, oğlu anasının kənar şəxslərlə  münasibətdə olmasını öyrənib. İdealın Sevincin telefonundan çəkdiyi ekran görüntülərini və sǝsli ismarıclarını ona təqdim edib. Övladlarından bu barədə soruşanda, onlar da analarının yad kişilərlə danışdığını, bir neçə dəfə gördüklərini təsdiq ediblər. Qayınanasına zəng edib, bu haqda məlumat verəndən sonra, Sevinc qızıl-zinət və digər əşyalarını götürüb, evdən gedib. Aprelin 19-da hazırlıq dərslərindən sonra İdeal babasıgildə qalıb. Ayın 20-i saat 12 radələrində anası ona zəng edərək, İdealın Sevinci vurduğunu, polis şöbəsinə gedib, təslim olmaq istədiyini, lakin şöbənin yerini tapa bilmədiyi üçün onlara gəldiyini xəbər verib. O, dərhal atasıgilin evinə gəlib. Ona zəng edən polis əməkdaşı oğlunun harada olması ilə maraqlananda, onu özü gətirib, təhvil verəcəyini bildirib. Amma polis əməkdaşı deyib ki, özləri gəlib İdealı aparacaqlar. Sonradan Orxan adlı qonşusu ona danışıb ki, təsadüfən hadisə baş verən yerdən keçərkən polislərə Sevinci tanıdığını bildirib və bu səbəbdən onun mobil nömrəsini onlara verib.

Oğlunun əməli onu da şoka salıb: "Sevincin əxlaqsız həyat tərzi keçirməsi haqda söz-söhbətlər, İdealın oxuduğu və yaşadığı məhəllədə həmyaşıdları arasında yayılıb. Bu səbəbdən oğlum onların təzyiqinə məruz qalıb. Buna görə onu başqa məktəbə də keçirdim. Amma bəzən o, utandığından heç məktəbə də getmirdi".    

Şahid Elza Məmmədova bildirib ki, doğuş travması ilə dünyaya gələn nəvəsi İdeal Məmmədzadə uşaqlıq dövründən nevroloji xəstəxanada müalicə alıb. 2020-ci ildən etibarən gəlini Sevinc oğlundan boşanacağını tez-tez dilə gətirib, bu da təbii ki, nəvələrinə pis təsir edib. Buna görə də, evlərində münaqişələr baş verib. Dekabr ayında İdeal bibisinə, anasının tanımadığı şəxslərlə yazışmasını göstərərək, onun hərəkətlərinə görə utandığını bildirib. Oğlu ilə gəlini boşanandan sonra, nəvələrinə o baxıb. Bəzən uşaqlar öz evlərində, bəzən isə onlarda qalıblar. Aprelin 20-də İdeal səhər yeməyini yeyib və çantasını götürərək, hazırlığa gedib. Amma bir qədər keçmiş nəvəsi ona zəng edərək "Sevinci vurduğunu" və polis şöbəsini tapa bilmədiyini deyib. Eşitdiklərindən şoka düşüb, İdeala evə gəlməsini tapşırıb. Dərhal oğluna zəng edib, evə gəlməsini deyib. Bir neçə dəqiqədən sonra nəvəsi həyəcanlı halda evə gəlib və onlara mətbəxdən götürdüyü bıçaqla anasını vurduğunu bildirib.
Şahid qismində dindirilmiş 24-cü PŞ-nin əməliyyat müvəkkili Polad İbrahimov ifadəsində göstərib ki, aprelin 20-də daxil olan məlumat əsasında R.Rüstəmov, 48 ünvanında qadın meyiti aşkar ediblər. Həmin küçədə yerləşən ticarət obyektlərin müşahidə kameralarına baxa-baxa, qaçan oğlanın bir binanın blokuna daxil olduğunu aydınlaşdırıblar. 

Həmin şəxsin girdiyi mənzili müəyyən edərək, qapını açan qadının icazəsi ilə içəri daxil olublar. Evdə olan şəxslərə bildiriblər ki, az əvvəl küçədə qətl törədən oğlan bu mənzildə olmalıdır. Bundan sonra, ailə üzvləri digər otaqda olan İdeal Məmmədzadəni çağıraraq, onlara təhvil veriblər. Şöbədə səbəbini soruşanda, İdeal anasını əxlaqsızlıq etdiyinə görə öldürdüyünü deyib.
Məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, cinayət əməlini törədən zaman İdeal Məmmədzadə öz hərəkətlərinin faktiki xarakterini dərk edib. Onun əməli CM-nin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşməyib.
Sevinc Məhərrəmovaya məxsus "mobil telefona baxış" keçirilərkən, əxlaqsız fotoşəkillər, sosial şəbəkələrdə müxtəlif şəxslərlə yazışmalar və intim görüntülər olan saytlara daxil olması aşkar edilib.

Məhkəmə iclasında İdeal Məmmədzadə ittiham üzrə özünü təqsirli bilib.  
Zərərçəkmiş şəxsin hüquqi varisi Sayalı Məhərrəmova İdeal Məmmədzadə doğma nəvəsi olduğu üçün ifadə verməkdən imtina və məhkəməyə notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini təqdim edib.  

Şahid Elza Məmmədova məhkəmədən xahiş edib ki, nəvəsini bağışlasınlar. 
Məhkəmə nəticəyə gəlib ki, İdeal Məmmədzadənin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və istintaq sənədləri ilə tam sübuta yetirilib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə İdeal Məmmədzadə 5 il müddətinə azadlıqdan məhrum olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar