12 
avq
2023
13:30
367

Bakıda üç uşaq anası yad kişi ilə evdən qaçdı, bunu bilən əri... - Şok təfərrüat

12 avq, 2023
13:30
367

Bakıda üç uşaq anası yad kişi ilə evdən qaçdı, bunu bilən əri... - Şok təfərrüat

Bakının Binəqədi rayonunda 1980-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində yaranan münaqişə zamanı keçmiş həyat yoldaşı Kəmaləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Den.az Teleqraf.com-a istinadən bildirir ki, Vüsal 29 may 2022-ci ildə Binəqədi rayonu, "Vulkan dağı" adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində keçmiş arvadı Kəmalənin yenidən onun evinə qayıtmasını tələb edib və mübahisə yaşanıb. O, Kəmalənin bədəninin müxtəlif nahiyələrinə əl və yumruq zərbələri ilə dəfələrlə vurub.
Bundan başqa, Vüsal sərxoş vəziyyətdə həmin ilin noyabrın 7-də Binəqədi rayonu, Binəqədi şossesi ərazisində yerləşən gözəllik salonuna gəlib. O, arvadının mobil telefonunu baxmaq üçün ona verməməsini bəhanə edərək onu nalayiq sözlərlə söyüb. Sonra bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bu zaman Kəmalə gözəllik salonundan çıxaraq qaçdıqda isə bıçaqla zor tətbiq edib. Bu hədə ilə onu qovaraq təqib edib. Vüsal Kəmalənin arxasınca yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə daxil olduqda orada fəhlə işləyən şəxs tərəfindən saxlanılıb, bıçaq əlindən alınıb.
Bundan sonra Vüsal gözəllik salonuna qayıdıb və qərəzli hərəkətlərini davam etdirib. O, salonun icarədarına məxsus 500 manat dəyərində güzgünü, 600 manat dəyərində sertifikatları, 75 manat dəyərində çay servizini, 60 manat dəyərində hamam aksesuarlarını, 180 manat dəyərində plastik qapını, 240 manat dəyərində kosmetik dərman vasitələrini sındırıb. O, salonun icarədarına ümumilikdə 1655 manat məbləğində ziyan vurub.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
"Nikahım pozuldu"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib, amma Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilməyib.
Vüsal bildirib ki, 2006-cı ildə Kəmalə ilə ailə qurub və rəsmi nikaha daxil olub, birgə nikahdan 3 övladı var: "Martın 12-də arvadım Kəmalənin mənə qarşı xəyanət etməsindən xəbər tutdum. Buna görə Kəmalədən ayrıldım. Kəmalə həmin vaxt Rafiq adlı şəxsə qoşularaq evdən getdi. Bundan sonra uşaqlarım mənim öhdəmdə qaldı. Kəmalənin etdiyi xəyanətə görə boşanmaq qərara gəldim. Bu səbəbdən Biləsuvar rayon Məhkəməsinə
boşanmaq barədə ərizə verdim. Həmin ilin oktyabrın 21-də Kəmalə ilə nikahım pozuldu".

"Arvadıma xəsarət yetirmək niyyətim olmayıb"
Təqsirləndirilən şəxs qeyd edib ki, 29 may 2022-ci ildə Binəqədi rayonu, Vulkan Dağı yaşayış massivində 3-cü mədən ərazisində yerləşən evinin həyətində Kəmalə ilə mübahisəsi olub: "Kəmaləyə bir neçə zərbə yetirdim. Həmin ilin noyabrın 7-də evimə gələrək gördüm ki, evin giriş qapısını və pəncərəsini açmaq məqsədilə dəmir alət salaraq zədələyiblər. Evin qapısını açaraq içəri keçdim. Kamera görüntülərini izləyəndə gördüm ki, evə Kəmalə hamamın nəfəsiliyindən daxil olub. Həmin gün təxminən saat 18.00-da Binəqədi şossesində yerləşən Kəmalənin işlədiyi gözəllik salonuna gəldim. Ondan evə girməsinin səbəbini soruşmaq istədim. Salona gələndə Kəmalənin iş yoldaşı Sevil də orada olub. Kəmalə isə mobil telefonu ilə kiminləsə danışırdı. Kəmalə mənim salona gəldiyimi görsə də, saymazlıq göstərərək arxasını mənə tərəf çevirdi. Sonra telefonla danışmağa davam etdi. Buna görə də əsəblərimi cilovlaya bilmədim və telefonu onun əlindən aldım. Kəmalə isə telefonu almaq məqsədilə üstümə cumdu. Kəmalə ilə aramızda mübahisə yarandı. Bir neçə zərbə vurdum. Cibimdən telefonu çıxararkən bıçaq da çıxdı. Lakin həmin bıçaqdan istifadə etməmişəm. Bıçaqla arvadıma xəsarət yetirmək niyyətində qətiyyən olmamışam. Həmin bıçaq çox vaxt üzərimdə olub. Telefonu çıxararkən bıçaq da təsadüfən çıxdı və qatlanmış vəziyyətdə olub".
"Ziyan yetirmişəm"


Təqsirləndirilən şəxs bildirib ki, mübahisədən sonra Kəmalə qaçaraq oradan gedib: "Mən də mübahisəmizin aydınlaşdırılması üçün arxasınca qaçdım. Metal qəbulu məntəqəsində olan tikiliyə girərkən kənar şəxs məni saxladı. Daha sonra Kəmalənin polis əməkdaşının avtomaşına minərək getdiyini gördüm. Daha sonra əsəbimdən salonda olan bəzi əşyalara ziyan yetirmişəm".
Vüsal bildirib ki, hazırda Kəmalə ilə barışıb və bir evdə yaşayırlar: "Mənim azadlıqdan məhrum edilməyim ailəmi çətin vəziyyətə salacaq".
"Biz boşandıq"

Cinayət işi üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, Vüsal ilə ailə qurandan sonra Sumqayıt şəhərində 5 il kirayədə yaşayıb: "2011-ci ildə isə Binəqədi rayonu, Vulkan Dağı yaşayış massivində aldığımız torpaq sahəsində ev tikdik, orada yaşamağa başladıq. Əvvəllər Vüsal ilə münasibətimiz yaxşı olsa da, 2017-ci ildən aramızda narazılıq yarandı. 2021-ci ildən başlayaraq ailədə münaqişələr baş verdi. Mən Biləsuvar rayon Məhkəməsinə boşanma barədə ərizə ilə müraciət etdim və 1 oktyabr 2022-ci ildə məhkəmə qərarı ilə boşandıq".

"Zərbənin təsirindən yerə yıxıldım"
Zərərçəkmiş qeyd edib ki, martın 12-də aralarında yaranmış mübahisə zamanı Vüsal onu döyüb və evdən qovduğuna görə anasının yaşadığı Biləsuvar rayonuna gedib: "Sonradan Abşeron rayonuna gəldim və kirayə ev tutaraq rəfiqəmlə bir yerdə qaldım. Sevil adlı qadına məxsus gözəllik salonunda işləməyə başladım. Uşaqlarım isə Vüsalın yanında qaldı. Həmin ilin mayın 29-da, təxminən saat 20.00-da iş yoldaşım Sevil ilə birlikdə Binəqədi rayonu, Vulkan Dağı yaşayış massivində yerləşən evimə getdim ki, uşaqlarım ilə görüşüm. Ev həyət darvazası bağlı olduğuna görə, Sevil ilə birlikdə hasarın tikilməmiş hissəsindən həyətə keçdik, evin dəmirdən olan giriş qapısını döyməyə başladıq. Bu vaxt Vüsal qapını açdı. Məni görən kimi şillə ilə sifət nahiyəmdən zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Sonra Vüsal mənə yerdə təpiklə zərbələr vurmağa başladı. Sevil qışqıraraq köməyə adam çağırdı, məni Vüsalın əlindən almaq istədi. Bu zaman Vüsal Sevilin sifətinə də bir şillə vurdu".
Zərərçəkmiş bildirib ki, bundan sonra Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng vurub və hadisə barədə məlumat verib: "Binəqədi rayon Polis İdarəsinin- 43-cü polis bölməsinə gedərək şikayət ərizəsi yazdım, izahat verdim. Səhəri gün isə məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçdim".

"Kişilərdən biri onu saxladı"
Zərərçəkmiş deyib ki, 2022-ci ilin iyun ayından tanışı Sevil ilə Binəqədi şossesində yerləşən və icarəyə götürərək işlətdiyi gözəllik salonunda lazer ustası işləməyə başlayıb: "Noyabrın 7-də, saat 18.00-da Sevil ilə birlikdə iş yerində olarkən anam mobil telefonuma zəng vuraraq mənimlə danışmağa başladı. Bir qədər sonra Vüsal sərxoş vəziyyətdə salona daxil oldu və telefonla danışmağımı gözlədi. Anam ilə danışığı bitirəndən sonra Vüsal kiminlə danışdığımı soruşdu. Mən də hirsləndirmək üçün aqressiv cavablar verdim. Vüsal sifətimdən şillə vurdu və telefonumu əlimdən almaq istədi. Vüsal telefonumu baxmaq üçün ona verməyimi tələb etsə də, telefonu vermədim. Bundan sonra Vüsal məni şillə və təpiklə vuraraq döyməyə başladı. Salonda olan hamama keçərək qapını arxadan bağladım. Lakin Vüsal hamamın plastik materialdan olan qapısını sındıraraq içəri keçdi. Məni tutaraq salonun içərisinə gətirdi. Baş nahiyəmdən yumruq zərbələri vuraraq məni döyməyə başladı. Vüsal telefonumu götürərək şalvarının cibinə qoydu və öz mobil telefonunu çıxararaq baxmağa başladı. Vüsal telefonu çıxardarkən bıçaq da çıxdı. Vüsalın diqqətinin yayındığını görən kimi su içmək bəhanəsi ilə divandan duraraq su kranına tərəf yaxınlaşdım və dərhal da salondan çıxaraq işlədiyim salonun yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə tərəf qaçdım. Vüsal da arxamca gəlməyə başladı. Metal qəbulu məntəqəsində olan tikiliyə girdim. Həmin vaxt orada 4-5 nəfər tanımadığım kişi olub. Vüsal da arxamca metal qəbulu məntəqəsinə daxil olanda həmin kişilərdən biri onu saxladı. Həmin vaxt yaxınlıqdan polis patrul avtomobilinin getdiyini gördüm. Qışqıraraq onlardan dayanmasını xahiş etdim. Avtomobil dayanan kimi qaçaraq onun yanına gəldim və hadisəni danışaraq avtomobildə olan polis əməkdaşlarından məni polis bölməsinə aparmalarını xahiş etdim. Həmin əməkdaşlar Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını dedilər və məni Xırdalan dairəsinə kimi gətirdilər. Oradan da taksi ilə Binəqədi rayon Polis İdarəsinə yola saldılar. Həmin polis idarəsinə gələrək müraciət etdim və sonra ərazi üzrə 6-cı polis bölməsinin əməkdaşları gələrək məni bölməyə apardılar. Orada şikayət ərizəsi yazdım".
Zərərçəkmiş deyib ki, səhəri günü xəstəxanaya gedərək tibbi yardım alıb, məhkəmə-tibbi ekspertinin müayinəsindən keçib: "Mənə sonradan Sevilin danışığı əsasında məlum oldu ki, hadisə yerindən gedəndən sonra Vüsal salona qayıdıb, salonda olan əşyaları, yəni termonu, əl-üz yuyanı, çay bardaqlarını vurub sındırıb".

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini, Sumqayıt şəhəri, 6-cı mikrorayondakı evdən axşam saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar