iyl
2023
16:15
112

BMT-nin faktaraşdırıcı komitəsi İranda insan haqları ilə bağlı ilk hesabatını təqdim edib

5 iyl, 2023
16:15
112

BMT-nin faktaraşdırıcı komitəsi İranda insan haqları ilə bağlı ilk hesabatını təqdim edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının faktaraşdırıcı komitəsi İranda insan haqlarının vəziyyəti ilə bağlı ilk hesabatını təqdim edib.


Den.az xəbər verir ki, faktaraşdırıcı komitə öz hesabatında İran İslam Respublikası hakimiyyətinin 20 min həbs edilmiş etirazçının amnistiyası ilə bağlı dediklərini məhbusların sayının bu rəqəmdən qat-qat artıq olmasının göstəricisi kimi qiymətləndirib. BMT-nin faktaraşdırıcı komitəsi Məhsa Əmininin qətlindən sonra etirazların yatırılmasında iştirak edən məmurların və şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Komitə etirazları araşdırmaq üçün Prezident İbrahim Rəisinin təyin etdiyi komitənin fəaliyyətinə nəzarət edəcəyini açıqlayıb və əlavə edilib ki, İrandan suallarla bağlı hələ də cavab ala bilməyiblər. Hesabatda məcburi şəkildə hicaba əməl edilməməsi səbəbindən müəssisələrin bağlanmasına və qadınların hüquqlarının inkar edilməsinə, hicabsız qadınların müəyyən edilməsi üçün yeni texnologiyalardan istifadə edilməsinə və hicabla bağlı yeni qanun layihəsinə etiraz edilib.

BMT-nin faktaraşdırıcı komitəsi tələbələrin zəhərlənməsinin minlərlə qızın hüquqlarına, eyni zamanda, təhsil hüququna mənfi təsir etdiyini açıqlayıb və bildirilib ki, komitə bu məsələni araşdırır. Komitə yeddi etirazçının edamını şokedici adlandırıb və məhkəmə qərarlarının işgəncə altında məcburi etiraflara əsasən alındığını vurğulayıb. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatına və İnsan Hüquqları Şurasına üzv dövlətlər, o cümlədən ABŞ, Almaniya, Niderland, İtaliya, Fransa, Finlandiya, Kanada, Venesuela, Kosta-Rika, Avropa İttifaqı da öz fikirlərini bildiriblər, İranda edamların artması ilə bağlı narahatlıq ifadə olunub, İranda insan haqlarının vəziyyətini çox narahatedici olduğu diqqətə çatdırılıb, rejimin etirazçılara qarşı repressiyası pislənilib.

Ukrayna nümayəndəsi isə İranın Ukraynada hərbi cinayətlər törətmək üçün Rusiyaya silahlar çatdırdığını vurğulayıb. Rusiya və İran nümayəndələri bəyanatla bağlı Ukrayna nümayəndəsinə etiraz ediblər. İclasda Çin, Rusiya, Şimali Koreya, Laos, Belarus, Zimbabve, Venesuela, Nikaraqua və Kuba nümayəndələri İranın mövqelərini dəstəkləyiblər. İran Ali İnsan Haqları Şurasının katibi və İran Məhkəmə Sisteminin sədr müavini Kazem Qaribabadi çıxışında bildirib ki, Məhsa Əmininin qətlindən sonra keçirilən etiraz aksiyaları "dinc xarakter daşımayıb" və "terrorçu qruplar" bunda rol oynayıb. İran nümayəndəsi hər dəfə bir nümayəndənin İran İslam Respublikasına qarşı “rejim” sözünü işlətməsinə etiraz edib. O bildirib ki, BMT qaydaları “rejim” sözünün işlədilməsinə icazə vermir.

İclas sədri İran nümayəndəsinin etirazına cavab olaraq bildirib ki, “rejim” sözünün istifadəsi məqbuldur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar