14 
avq
2023
16:45
183

"Polşada iş adı ilə aparırlar, donuz damında iş təklif edirlər"

14 avq, 2023
16:45
183

"Polşada iş adı ilə aparırlar, donuz damında iş təklif edirlər"

“Son illər Polşaya ciddi işçi axını var. Çünki ölkədə işçi çatışmazlığı mövcuddur. Demək olar ki, müxtəlif sahələr üzrə kadrlara ehtiyac var. Zavod və fabriklərdə ağır işlərdə çalışacaq işçilərə çox ehtiyac duyulur”.

Den.az bildirir ki, bu sözləri Valyuta.az-a açıqlamasında Polşada yaşayan həmyerlimiz Yusif Əfəndizadə söylədi.
Y.Əfəndizadə deyir ki, ancaq hazırda bu ölkəyə işçi vizası əldə etmək prosesi çətinləşib: “Azərbaycandan Polşaya axın çox olduğu üçün, viza məsələsi də getdikcə çətinləşir. Səfirlik istənilən şəxsə viza vermir. Viza almaq üçün gedəcəyin şəhər, çalışacağın şirkət, görəcəyin iş haqqında kifayət qədər məlumatlı olmalısan ki, səfirliyin verdiyi suallara cavab verə biləsən”.
Y.Əfəndizadə deyir ki, vizanın verilmə müddəti də artıq uzanıb: “Əvvəllər Polşa hökumətinə işçi icazəsi üçün müraciət 90 gün ərzində verilirdi, indi müddət uzanıb. İşçi var ki, 5-6 aydır icazəsi çıxmır. İşçi icazəsi çıxdıqdan sonra o sənədlər Azərbaycana göndərilir və işçi vizasına müraciət edilir. Vizaya görə də səfirlikdən görüş götürmək çox çətindir. Bu proses də 1-2 ay çəkə bilər. Yəni, bir işçinin Polşaya gəlməsi bəzən 2-3 ay, bəzən 6-7 ay çəkir. Hər şəhərin öz dövlət orqanı olduğu üçün bu zaman aralığı həmin yerlərdəki vəziyyətə uyğun olaraq dəyişir”.

Həmyerlimiz bildirdi ki, Polşaya getməmişdən öncə çalışacağımız sahənin və o sahədə bilik və bacarıqlarımızın yetərliliyindən əmin olmalıyıq. Çünki Polşa və Azərbaycanda eyni işə duyulan tələblər də fərqlidir: “Azərbaycanda maliyyə sahəsində ola bilər ki, kimsə pis-yaxşı işləyir, ancaq burada rəqabət var deyə, bacarıqların yaxşı olmasa, işə qəbul olunma ehtimalın aşağı düşür. Yaxud bir şəxs Azərbaycanda daşı-daş üstünə qoyub bir ev tikə bilir. Polşada standartlar əsasında ev tikməyi bacarmalısan. Bəzən olub ki, şəxs hörgü ustası kimi gəlib, amma şirkət narazı qalıb, onu fəhlə işinə keçirmişdi. O da istəməyib, işdən çıxmışdı. Çünki Polşa və Azərbaycanın standartları eyni deyil. Yəni, bəzi hallarda Polşaya gələnlər ya işini bilmədiyindən, ya da bildiyini zənn etdiyindən problemlər yaşayırlar”.

Polşaya işçi aparan şirkətlər də var. Y.Əfəndizadə deyir ki, şirkətin işlərindən əmin olmadan onlara inanıb getməyin: “Polşaya işçi gətirən şirkətlərdən verdiyi vədə əməl edənləri də var, etməyənləri də. Bir sıra şirkətlər Polşaya gəldikdən sonra şəxslərə razılaşdıqları deyil, alternativ işlər təklif edirlər. Məsələn, Azərbaycanda işçiyə deyilir ki, Polşada zavodda qablaşdırmada işləyəcək. Gələndə deyirlər ki, o iş yoxdur, donuz damında, yaxud hardasa təmizlikdə, kənd təsərrüfatında və s. işlər var. Təbii ki işçi narazı qalır və orada işləmir. İşini tərk etdiyi üçün isə Polşada qanunsuz yaşamalı olur. Pulu bitənə qədər idarə edir, sonra acınacaqlı vəziyyət yaranır. Tanışları varsa, ona başqa zavod və fabriklərdə iş tapmağa kömək edirlər. Yəni, ilk ən böyük uğursuzluq işçinin vəd edilən işlə təmin olunmamasıdır”.

Y.Əfəndizadə bildirdi ki, Polşaya işçi aparan şirkətlər zavod və fabriklərə bəzən şəxslərin xarici dil biliyi olduğunu deyib işlərə qəbul etdirirlər. Müəyyən müddət sonra işçi ən sadə sözləri bilməyəndə, narazılıqlar yaranır və işçini işdən uzaqlaşdırırlar: “Ona görə bəzi şirkətlərdə rus, polyak, ingilis dili məsələsi ciddi problem yaradır. Buna görə iş üçün getməzdən öncə sizdən Polşada hansı dilin və hansı səviyyədə tələb olunacağını əvvəlcədən bilməlisiniz”.

Polşada istədiyi işdə çalışmaq üçün gedənlər də çoxdur. Həmyerlimiz deyir ki, bunu heç də hər kəs bacara bilmir: “Bəzən şəxslər işçi vizası ilə Polşaya gəlir. Rəsmi adı qeydiyyatda olan zavodda çalışmır. Zavodda işləmək ona görə deyil. Hanısa şirkətlə danışır. Özü taksi fəaliyyəti ilə məşğul olur. Sadəcə rəsmi şəkildə zavodda işləyirmiş kimi görünür. Onların məqsədi fabrikdə işləmək deyil. Məqsədləri Avropaya gəlmək və Avropada hansısa yollara digər ölkələrə keçmək, yaxud elə gəldiyi ölkədə başqa fəaliyyətlərlə məşğul olmaq olur. O şəxslər gəldiyi gündən sərbəst buraxılır. Oturum işlərini də özü həll edir. Gəldiyi deyil, ürəyi istəyən işdə çalışır. Bunu etmək çox çətindir, bunun üçün yaxşı əlaqələrə, tanışlara ehtiyac var. Heç də hər kəs bunu bacarmır”.

Həmyerlimiz qeyd etdi ki, az da olsa gəlmələrə müəyyən haqsızlıqlar ola bilir: “Bəzən gəlmələri yerli insanlar sevməyə bilər. Həmin işçilərə müəyyən irqçi davranışlar edib, sonunda işçinin işdən çıxmasına gətirib çıxara bilərlər. Bu çox nadir hallarda olur”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar