21 
avq
2023
12:33
342

Azərbaycanda mal və qoyun əti BAHALAŞIB – SON QİYMƏTLƏR

21 avq, 2023
12:33
342

Azərbaycanda mal və qoyun əti BAHALAŞIB – SON QİYMƏTLƏR

Mal və qoyun ətində ötən ildən müşahidə olunan növbəti bahalaşma dalğası hələ də davam edir. 

Den.az xəbər verir ki, 2023-cü ilin geridə qalan ayları ərzində qırmızı ətin 1 kiloqramının pərakəndə satış qiyməti 1-2 manat məbləğində artıb. 

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra taxıl məhsullarının qiymətində kəskin artımın baş verməsi heyvan yemlərinin də dəyərinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Heyvan yemlərinin bahalaşması isə öz növbəsində mal və qoyun ətinin dəyərini artırıb. 

Lakin qeyd edək ki, son bir neçə ayda əvvəlki aylarla müqayisədə taxıl məhsullarının xeyli ucuzlaşmasına baxmayaraq, mal və qoyun ətinin qiymətində artım dayanmaq bilmir. 

Azərbaycanda aparılan qiymət müşahidələri də bunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, daxili bazarda pərakəndə qaydada satılan doğranmış sümüklü mal ətinin bir kiloqramının qiyməti ötən ilin fevralında 11 manat olduğu halda, ilin sonunda 13 manata, 2023-cü ilin martında 13,5 manata, avqustun 1-də isə 14 manata çatıb. 

Avqust ayından etibarən isə cavan mal ətinin qiymətində bir qədər də artım müşahidə edilir. 


Göstərilən dövrdə sümüklü qoyun ətinin qiyməti daha çox artıb. Ötən ilin fevralında bir kiloqramı 13 manat olan qoyun əti bu ilin əvvəlində 14 manata, avqustun əvvəlində 15,2 manata satılıb. Qoyun ətində avqustda da əlavə qiymət artımları olub. 

Ümumilikdə, son bir ildə mal ətinin qiyməti təxminən 3 manat (27 faiz), qoyun ətinin qiyməti 2,2 manat (17 faiz) artıb. Bu ilin əvvəlindən isə mal əti daha 1 manat, qoyun əti 1,2 manat bahalaşıb. 

Qiymət artımına təsir göstərən əsas amillərdən biri də Azərbaycanda heyvan sayının azalmasıdır. Ölkəmizdə ötən ilin əvvəlində 1,295 milyon baş inək və camış olduğu halda bu ilin iyulunda onların sayı 1,254 milyon başa qədər azalıb. Son 15 ayda inək və camış sayının 41 min baş (3 faizdən çox) azalması daxili bazarda satışa çıxarılan heyvanların sayına da mənfi təsir göstərib ki, bu da qiymətlərin artmasını dəstəkləyib. 

Sayda azalma qoyun və keçilərdə də müşahidə edilir. Ötən ilin əvvəlində 8,17 milyon baş olan qoyun və keçi sayı hazırda 7,32 milyon başdır. Son 15 ayda qoyun və keçilərin sayı 850 min baş və ya 10,4 faiz azalıb. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar