30 
iyn
2023
22:38
392

Gülnaz Dadaşovanın məhv etdiyi kardiologiya İnstitutu - SENSASİON FAKTLAR

30 iyn, 2023
22:38
392

Gülnaz Dadaşovanın məhv etdiyi kardiologiya İnstitutu - SENSASİON FAKTLAR

Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda daha bir neçə nəfərin işdən azad edildiyi məlum olub.

Den.az xəbər verir ki, bu barədə İnstitutdan bildiriblər.

Qeyd olunub ki, institutun işçiləri Dina Zotova, Elnarə Həmidova və himayəsində əlil-iflic övladı olan Mina Cavadova heç bir xəbərdarlıq və ciddi səbəb olmadan işdən çıxarılıblar.

Bundan başqa, bir müddət əvvəl Şuşaya ezam edilən 2 tibb bacısına ezamiyyətdə olduqları günlərin maaşından imtina etmələri barədə sənəd imzaladılıb.
Qeyd edək ki, son vaxtlar Kardiologiya İnstitutunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar, həmçinin burada çalışan müxtəlif alimlərin müsahibələri direktorun keçirdiyi son iclaslarda ciddi müzakirə edilib.
İddialara görə, direktora qarşı çıxan həkimlər, eləcə də mətbuata açıqlama verən professorlara hüquq-mühafizə orqanları ilə hədə-qorxu gəlinib:

“Mayın 2-də səhər saatlarında keçirilən iclasa direktor Gülnaz Dadaşova yarım saat gecikdi. Bu azmış kimi direktor onu akt zalında gözləyən elmi işçi heyətinə özünə yaxın şöbə müdirləri vasitəsilə ultimatum göndərmişdi. Bildirmişdi ki, hüquq-mühafizə orqanlarına müraciət edib, institutda baş verənlər barədə danışan şəxsləri cəzalandıracaq”.

O da qeyd olunub ki, şəhərdə əsas kardioloji mərkəz sayılan institutun qapısında hər səhər tragikomediya yaşanır:

“Qapıya nəzakət nədir bilməyən, kobud, mədəniyyətdən uzaq işçilər qoyulur. Orada dayanan bu işçilərdən biri olan qadın səhər işə 3-5 dəqiqə gecikən həkimlərə qarşı qeyri-etik davranır, hədyanlar deyir, qəsdən onları mübahisəyə cəlb edərək qalmaqal yaradır və sonra bunu direktora məruzə edir. Həmin xanım institutun həyətində sevgilisi tərəfindən döyüldükdən sonra işdən uzaqlaşdırıldı. Amma inzibati şöbə vasitəsilə işçilərin daim təzyiq altında, gərginlikdə saxlanılması davam etdirilir.

Əgər həkimlərə hansısa arayış, direktorun təsdiq edəcəyi sənəd lazımdırsa, bu məsələ də günlərlə uzadılır. Sənədə yalnız iş gününün son saatlarında imza qoyulur, bu da insanlarda əlavə psixoloji gərginlik yaradır və narazılığa səbəb olur”.

İnstitutda müalicə alan xəstələr isə direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələri “Kəpəz” klinikasına, “Ege” hospitalına və Mərkəzi Klinikaya “otkat” sistemi ilə yönəltdiyini bildiriblər:

“Həmin xəstələrin 90 faizi elə bu klinikalarda anju, stentləmə, şuntlama əməliyyatlarına salınır. Onlara mütləq və təcili əməliyyat lazım olduğu deyilir. Beləliklə, həm tibbi sığorta fondundan külli miqdarda vəsait cəlb olunur, həm də bu xidmətlərinə görə Kardiologiya İnstitutuna “xüsusi hörmət” və təşəkkür edilir”.
Qeyd edək ki, elmi kollektiv rəhbərliyin fəaliyyətindən narazı olduğu üçün bu yaxınlarda Səhiyyə Nazirliyindən göndərilən komissiya institutda bir həftədən artıq müddətdə yoxlamalar aparıb.

Yoxlamalar zamanı komissiyanın direktorun lüks palataları imkanlı xəstələrə pulla verdiyinə dair mətbuatda yer alan iddiaları araşdırdığı da qeyd olunur.
Səhiyyə Nazirliyindən C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalar aparıldığını təsdiqləsələr də, nəticələr barədə məlumat verməkdən imtina ediblər. Nazirlikdən sorğuya göndərilən cavab məktubunda yalnız bunlar qeyd olunub:

“Nazirliyin tabeliyində olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış daxili monitorinqlər keçirilir. Adıçəkilən müəssisədə aparılan monitorinqlər bu tədbirlər çərçivəsində həyata keçirilib”.  /bakupost.az/
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar