12 
iyl
2023
17:09
200

Elm və təhsil naziri niyə hədəfdədir?

12 iyl, 2023
17:09
200

Elm və təhsil naziri niyə hədəfdədir?

Ekspertlərə görə, Emin Əmrullayev rüşvətlə mübarizə apardığı, təhsil sistemində şəffaflıq yaratmağa çalışdığı üçün hədəfə gəlir

Elm və təhsil naziri Emin Əmrullayevin sertifikasiya imtahanlarının nəticələri ilə bağlı açıqlamasından sonra yenidən hədəfə gəlib. “Emin Əmrullayev deyir ki, yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Sonra deyir ki, mən faktı deyirəm. Bu nə deməkdir? Belə fakt olar? Hansı mətni?” Bu barədə öz açıqlamasında deputat Etibar Əliyev bildirib.
Etirazını ifadə edən deputat daha sonra qeyd edib: “Ölkənin elm və təhsil naziri milləti təhqir edir. Sən haradan bilirsən ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Heminqueyin, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür? Zirəddin heç belə danışmır. Nazir bu fikrinə görə Azərbaycan xalqından üzr istəməlidir. Bu adam nə PİRLS-i, nə PİSA-nı, nə Akkreditasiyanı, nə Bibliometrik göstəricələri, nə məzmunu, nə də QS reytinqini izah edə bilmir, lakin Azərbaycan xalqını hər addımda savadsızlıqda ittiham edir. Bu dərsi haradan almısınız?” Yada salaq ki, bir gün öncə Etibar Əliyev nazirlik  yanında İctimai Şuranın üzvlüyündən istefa verib.
İqtisadçı ekspert Samir Əliyev də bildirib ki, nazirin bu rəqəmləri haradan aldığı bəlli deyil: “Əminəm ki, bu istiqamətdə araşdırma da olmayıb. Belə olan halda nazir niyə məsuliyyətsiz fikir bildirir. Oxuduğunu anlamamaq savadsızlığın bir elementidir. Hökumət də deyir ki, ölkədə savadlılıq 100%-ə yaxındır. Belə çıxır ki, nazir təmsil olunduğu hökumətin rəqəmlərini yalana çıxarır. Məncə, nazir özü nə danışdığını anlamır”.
Şahbaz Xuduoğlu: “Müqəddəs kitablara çap maşınları kömək etdi...”-
Şahbaz Xuduoğlu
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun Emin Əmrullayevlə bağlı paylaşımı diqqət çəkib. Statusu qısa ixtisarla dərc edirik: “Bu yaxınlarda bir jurnalist zəng edib Emin Əmrullayevin hansısa görüşdən selfi paylaşımının birmənalı qarşılanmadığı barədə fikrimi soruşdu.
Dedim, biz adət etmişik, nazirlər “bronejilet”lə, xüsusi qorumalarla gəzsin, ütülü, protokol cümlələrlə danışsın. Azca sərbəst danışan, ictimaiyyətin qarşısında təqdimatlar edən bir məmur görən kimi dərhal çaşbaş qalırıq. Əgər bu nümunələr çox olarsa, heç kəsdə təəccüb və ikrah da doğurmaz. Sertifikatlaşdırma ilə bağlı proqram isə təhsil sisteminin yenilənməsi baxımından çox faydalıdır. Pislərdən - saxtadiplomlulardan (bu çox ayıbdır), savadsız müəllimlərdən təmizlənməyin ən düzgün yolu imtahandır. Bu, həm də yaxşıları müəyyən etmək yoludur. Əks halda, yaxşı da pisin oduna yanır. Müəllim daim gərək öz üzərində işləsin, savadını, dünyagörüşünü artırsın. Bunun üçün imtahan sınanmış ən düzgün üsuldur, bilikli müəllimlərimiz üçün stimuldur. Yaxşı müəllim, yaxşı həkim, yaxşı hakim diplomla kifayətlənə bilməz. Onlar daim öz inkişaflarını imtahan etməlidirlər. Təhsilə şəxsi deyil, milli maraqlar çərçivəsindən yanaşanda indiki işlərə, dəyişmək cəhdlərinə yeni sistemin başlanğıcı kimi baxıram. Görülən yaxşı işlərə dəstək vermək, məncə, hər birimizin borcudur. Süpürgə pulu yığanları süpürüb atmaq vaxtıdır.
Təhsil naziri elə bir postdur ki, orada kim olsa, yenə hədəfdə olacaq. Çünki hər bir valideyn özünü təhsil üzrə ekspert hesab edir, elə mən də. Bu səbəbdən təhsilin inkişafı ilə bağlı səmimi olaraq ağlınızdan nə keçirsə, yaxşıya doğru əlinizdən nə gəlirsə edin, dayanmayın!"
Bəzi ekspertlər isə iddia edir ki, təhsildə aparılan islahatlar heç bir nəticə və fayda vermir. Mütəxəssisə görə, nəticələrə baxanda müəllimlərin 30%-i 30-dan aşağı bal toplayıb, 50 balı keçənlər isə 1/3-dir. Bunlar aşağı göstəricilərdir və bu o deməkdir ki, universitetlərin yetişdirdiyi kadrların yarıdan çoxu orta səviyyəni keçə bilmir. İkinci tərəfdən də bunları seçmək üçün hər il imtahan keçirməyə ehtiyac yoxdur. Bu şəxslər işə qəbul olunanda baxılmalı, seçilməli və onun savadı yoxlanılmalıdır.
Ekspert Təhsil Tələbə Kredit Fondunun yaradılmasını şərh edir - 20.06.2021,  Sputnik Azərbaycan
İlqar Orucov
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu gün nazirin hədəfdə olmasının bir neçə səbəbi var: “Səbəblərdən biri ondan ibarətdir ki, Emin müəllimin Mikayıl Cabbarovun və Ceyhun Bayramovun başladığı islahatları davam etdirməsi, onları bir az da dərinləşdirməsi onu hədəfə gətirir. Fikrimi əsaslandıracağam. Direktorların, müəllimlərin işə qəbulunda şəffaflıq, son olaraq sertifikasiyann təşkili bu qədər qanunsuz vəsaitin aradan çıxarılması ilə nəticələnib. Bu gün heç kim deyə bilməz ki, hansısa müəllimi işə təyin etdirmişəm. Kimsə deyə bilməz ki, direktorları rüşvətlə məktəbə təyin edirlər. Ümumiyyətlə, təhsil sektorunda rüşvətlə mübarizə naziri hədəfə gətirib. Hamımız cəmiyyətdə təhsilin təəssübkeşləri kimi özümüzü göstəririk. Amma əməli işə gələndə bunu edirikmi? Nazirin çıxışında böyük həqiqət var. Etibar Əliyev də dostumdur, onun da çox maraqlı fikirləri var. Düşünürəm ki, təhsil sahəsində təcrübəli adamlar tez-tez aktual problemləri müzakirə etməlidir. Emin Əmrullayev bu gün nazirdir, sabah başqası ola bilər, yanaşma təhsil naminə olmalıdır. Fərdlər hədəfə götürülməməlidir”.
Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?) - YouTube
Elçin Əfəndi 
Təhsil eksperti Elçin Əfəndi da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki,  bu məsələ cəmiyyətdə ajiotaja səbəb olub, fikirləri deyən şəxsin kimliyi də cəmiyyət üçün önəmlidir: “Düşünməliyik ki, bunu bir hakimiyyət nümayəndəsi deyir. Burada artıq məsuliyyət məsələsi var. Bunu məsul şəxs deyirsə, demək ki, onun da söykəndiyi hər hansı informasiya bazası var, onun əsasında bu fikri səsləndirir. Biz nəzərə alsaq ki, hər il DİM tərəfindən ali təhsil müəssisələrinə magistraturaya  qəbul, dövlət qulluğu üzrə müxtəlif imtahanlar keçirilir. Nazirlik tərəfindən MİQ imtahanları keçirilir, burada kifayət qədər şəxs iştirak edir. Həmçinin sertifikasiya ötən ildən aparılır. Bütün bu imtahanların məntiqi nəticəsi olaraq araşdırma aparılır. Təhlil nəticəsində də bəlli olur ki, müəyyən faiz nisbəti ilə şəxslər oxuduqları mövzunu, sualı dərk etmədən, sadəcə, kortəbii formada cavablandırırlar. Bunlar hamısı da data olaraq formalaşır. Bu gün nazirin göstərdiyi faktlar cəmiyyətimizin problemli nöqtəsidir. Bu üzə çıxarılırsa və qabardılırsa, demək ki, problemin aradan qaldırılmasına çalışmalıyıq. Düzdür, nazirliyin gördüyü işlərdə müəyyən boşluqlar var. Amma bu mövzuda onun söykəndiyi təhlil bazası var və bu təhlilə əsaslanaraq fikrini bildirir. Əgər bu gün ibtidai sinif müəllimi imtahanlarda suallara səhv cavab verirsə və bu böyük səhvlərdirsə, artıq müəyyən fikir formalaşır. DİM 9-10 illik təhsil bazalarında buraxılış imtahanlarında oxuyub anlama, eləcə də dinləyib anlama mətnləri salır. Növbəti illərdə magistratura səviyyəsində dinləyib anlama mətnlərindən istifadə olunacaq. Bütün bunlar insanların əvvəlki kimi bu mövzunu bilirsə, "5", ya da "4" qiymətləndirilməsi üzərindən yox, bu mövzunu dinləyib anlaya bilirsə, ondan nəticə çıxara bilirsə, bunların qiymətləndirilməsi həyata keçirilir. Dövr dəyişib, biz artıq bu istiqamətdə işlər görməliyik. Dövlətin təhsil sahəsində əsas prioriteti budur”.
Olimpiyada yarışlarda qalib olan şagirdlər üçün güzəştlər tətbiq olunur”- Təhsil  eksperti | "ELÇİ"
Adil Vəliyev
Təhsil eksperti Adil Vəliyevin də mövzu ilə bağlı öz arqumentləri var. O bizimlə söhbətdə dedi ki, Emin Əmrullayevin çıxış etdiyi həmin tədbirdə iştirak edib: “Orada bir məqama diqqət etdim ki, Emin Əmrullayev çıxış edərkən sertifikasiyadan yüksək bal, ümumiyyətlə, keçid balı toplaya bilməyən müəllimlərlə bağlı statistika səsləndirdi və reallıqları dedi. Dedikləri həqiqət də həm statistikaya, həm də illərin yığılıb qalmış problemlərinə əsaslanır. Ona görə də bu kimlərinsə xoşuna gəlmədi. Etibar Əliyev Füzulidən, Nizamidən sitat gətirib, hər hansı əsəri oxuyub anlamamaq çətin deyil. Çünki açıq şəkildə yazılıb. Amma hansısa dərs mövzusunu anlamaq üçün müəllimin həqiqətən oxuyub-anlama bacarığı olmalıdır. Çünki beynəlxalq təcrübədən də görürük ki, oxuyub-anlama, dinləyib- anlama bacarıqlarından imtahan verirlər. Bu bizdə də olmalıdır. Müəllimin oxuyub-anlama, dinləyib-anlama bacarığı yoxlanmalıdır.  Mən özüm də kursa rəhbərlik edirəm, yanımıza sertifikasiya üçün hazırlaşmağa müəllimlər gəlir. Onlarla danışdıqda görürük ki, 50-100 nəfər uşaq hazırlaşdırdıqlarını deyirlər. Biz onları götürmədən öncə imtahan edirik, 50 sualdan 10-na ancaq cavab verirlər. Düşünün ki, bu müəllimlər bizim övladlarımıza dərs deyir. Bizim gələcəyimizi məhv edirlər. Nazir bunu açıq demədi, amma mən deyirəm. Emin Əmrullayev gələndən sertifikasiya işi şəffaf aparılır. Yeniliklər təhsil sistemində başlanılıb, sadəcə, bura kölgə salmaq istəyən adamlar var. Nazir işləmək istəyir, qarşısına problemlər çıxarırlar. İllərlə satılmış saxta diplom, rüşvətlə məzun olmuş müəllimlər, həkimlər var. Bu səbəbdən də təhsil, səhiyyə sistemində problemlər var. İndi isə biz bunun düzəlməsini istəyirik”. “Yeni Müsavat”

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar