29 
iyl
2023
21:31
131

“Bu xalqa qurban olum” və “öldürüb sonra ağlayan xalqıq” paradoksu

29 iyl, 2023
21:31
131

“Bu xalqa qurban olum” və “öldürüb sonra ağlayan xalqıq” paradoksu

Birinci hissə haqqında oxşar məqalə yazmışdım. İrəlidə bir daha bu mövzuya toxunacağam.

Əvvəlcə ikinci hissə haqqında:


- Bunu deyəndə, bilmək lazımdır, kimə və ya kimlərə ünvanlanıb, yəni hansı hədəf kütləsi nəzərdə tutulur.
- Hansı vəziyyətdə, şəraitdə dilə gətirilir.
- Birinci hissə ilə müqayisədə neçə dəfə işlədilir.
- Cümlələr arasındakı fərq nədədir?
- Hamıya məlumdur ki, bir cəmiyyətə “ideal” tərifi vermək məntiqə uyğun deyil.
- “Öldürüb sonra ağladanıq” dedikdə, qədirbilməzliyə işarə edilirsə, bu xüsusiyyət bəşər övladına xasdır. Nəinki Azərbaycana və ya azərbaycanlılara. Çox az sayda insan qədirbiləndir.

Siyahını uzatmaq olar, kimsə cavab tapmaq istəyirsə, qeyd olunanlar kifayətdir və ya siyahını daha da genişləndirəcək. Əksinədirsə, bəndlərin üzərindən xətt çəkəcək, yaxud ixtisar aparacaq. 
“Bu xalqa qurban olum” demək üçün kifayət qədər, saysız-hesabsız dəlillər gətirmək olar. Kiçik misallar: Maşın yolunda, adətən, insanlar bir-birinə yol verir. Tıxac yarandıqda polislə birgə sürücülər də maşından enib yolu açmağa çalışır. Yox, əgər əkisini demək istəyiriksə, dilimizi bunlar bəzəyəcək:

- Yekə oğlansan, yol ver, keçim də...
- Hara soxursan maşını?!
- Sənə “prava” verənin... və sair və ilaxır.
Əslində, iki fikir qətiyyən bir-birini inkar etmir. Əksinə, bir-birini haradasa vəziyyətə uyğun olaraq tamamlayır. 
Kim nəyi necə görmək istəyirsə, o cür reaksiya verir. Heç olmayıbmı ki, eyni hadisəyə fərqli münasibət göstərəsiniz? Əlbəttə, olub. Dünən əsəbləri korlanmış sürücü piyada keçidindən ləng keçən adama kobud sözlər deyirdi, bu gün isə əhvalı yaxşıdır, deyir ki, “qorxur yəqin, ehtiyatla keçir”.

Görmək, bilmək istəyən üçün çoxlu sayda misal var. İnanın, ibrət almaq, nəticə çıxarmaq, təhlil etmək üçün ən xırda hadisələr belə kifayət edir. Əvvəlcə anlamalıyıq ki, biz aydınlanmaq istəyirik, yoxsa özümüzü burulğana atmaq...

Kimlərsə haqqında deyirik ki, “filankəsi tutmaq olmur e, necə adamdır”. Təbii ki, düzünə baxdıqda, tutmaq olmayacaq. Aydınlaşdırmaq lazımdır ki, o filankəs “yaxşı adam” görkəmi aldıqda, hansı halda idi və ya əskinə...
Əksər mübahisələrdə fikir müxtəlifliklərini yekdil düşüncə etmək üçün incə xətti və nüansı sezmək lazımdır. Bununla problem həllini tapmış olacaq. Hoydu-hoyduya salmağa, partlayıb qışqır-bağır etməyə, ağızdan çıxan hərf səhvinə görə kimisə qınamağa nə var ki... Ən asan işdir. İş demək mümkündürsə.
Samir Mirzə (Miri)
Ölkə.Az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar