19 
iyl
2023
10:05
191

Elçibəyin təyin etdiyi icra başçısı da yola salınır

19 iyl, 2023
10:05
191

Elçibəyin təyin etdiyi icra başçısı da yola salınır

Daşkəsənin icra başçısı Əhəd Abıyevin işdən çıxarılması hakimiyyət komandasında dəyişikliklərin davam edəcəyilə bağlı ehtimalları daha da qüvvətləndirdi. Kadr islahatlarının icra strukturlarından da yan keçməyəcəyi, “kiçik padşah”ların bir çoxunun vəzifəsi ilə vidalaşacağı bildirilir.

Den.az xəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, Əhəd Abıyevdən sonra yola salınacaq növbəti icra başçısı Eyvaz Hüseynovdur.
Qeyd edək ki, Eyvaz Hüseynov Xocavənd rayon icra hakimiyyətinin başçısıdır. O, bu vəzifəyə 2 iyul 1992-ci ildə mərhum eks-prezident Əbülfəz Elçibəyin sərəncamı ilə təyin olunub. Hüseynov Azərbaycanda 31 ildən çox eyni vəzifədə çalışmağı bacaran yeganə yüksək rütbəli məmurdur.

Eyvaz Hüseynovun işdən çıxarılması dəyişikliklər prosesinin tərkib hissəsi kimi qiymətləndirilir. Əslində, onun fəaliyyətilə bağlı hər hansı ciddi narazılıq yoxdur. Eyvaz Hüseynov adı rüşvət və korrupsiyada hallanmayan azsaylı icra başçılarındandır. Həmişə qalmaqallardan uzaq olub, ailəsini və yaxın ətrafını insanları qıcıqlandıracaq hərəkətlərdən kənar saxlayıb. Üstəlik, hələ pensiya yaşına çatmayıb. Onun 65 yaşı gələn ilin fevralında tamam olacaq.

Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, bütün müsbət cəhətlərinə baxmayaraq, ölkənin ən stajlı icra başçısının yola salınmasına qərar verilib. Hakimiyyətin bir məmurun uzun illər eyni vəzifəni tutmasıyla bağlı mənfi tendensiyanı aradan qaldırmaqda israrlı olduğu bildirilir.

Buna baxmayaraq, Eyvaz Hüseynovun xidmətlərindən tamamilə imtina olunmayacaq. Onun Xocavənd rayon Ağsaqqallar Şurasının sədri kimi xocavəndlilərin doğma yurda dönüş prosesinə rəhbərlik etməsi nəzərdə tutulub.
Qeyd edək ki, Eyvaz Hüseynov Birinci Qarabağ Müharibəsi veteranı, qardaşı İbad Hüseynov isə Azərbaycanın Milli Qəhrəmanıdır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar