DEN.AZ Siyasət Kanada azərbaycanlıları ölkənin yeni xarici işlər naziri ilə Qarabağı müzakirə etdilər

Kanada azərbaycanlıları ölkənin yeni xarici işlər naziri ilə Qarabağı müzakirə etdilər

7
0

Aprelin 23-də Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Torontoda Kanadanın Xarici İşlər naziri Mark Qarno ilə görüşüblər. Görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.

Görüş zamanı M. Qarnoya ötən ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyətlə əlaqədar məlumat verilib. 

Qeyd edilib ki, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycanın bir çox şəhər və kəndləri, o ərazilərdə yaşamış əhalinin əmlakı Ermənistan tərəfindən talan edilmiş və dağıdılıb. Bu ərazilərdən məcburi surətdə köçürülmüş 800 minədək azərbaycanlı hazırda geriyə qayıtmaq niyyətindədir və Azərbaycan bu istiqamətdə lazımi hazırlıq işlərini görməkdədir. 

Lakin Ermənistan ordusu tərəfindən vaxtilə basdırılmış minalar mülki əhalinin geriyə qayıtmasını çətinləşdirir və ötən müddət ərzində 20-dən artıq şəxs mina partlayışından həyatını itirib, 80-ə yaxın şəxs yaralanıb. Ermənistən tərəfi isə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. 

Qeyd edilənləri nəzərə alaraq, Kanada hökuməti minaların təmizlənməsi işində Azərbaycana dəstək olmalı və Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb etməlidir. 

M. Qarno deyilən fikirləri diqqətlə dinləyib və baş vermiş hərbi əməliyyatlar və eləcə də müharibədən sonrakı vəziyyət ilə əlaqədar tam məlumatlı olduğunu bildirib. O, KAŞ-ın bu sahədə fəaliyyətindən xəbərdar olduğunu və qaldırılan məsələlərin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, sözügedən məsələlər onun rəhbərlik etdiyi qurumun diqqətindədir və Kanada Xarici İşlər Nazirliyi bu məsələ barədə qərarlar qəbul etmək üçün çalışdıqlarını bildirib.

Görüşdə KAŞ-ın İdarə Heyətinin üzvləri və Edmonton, Kalqari və Torontodan olan fəalları iştirak ediblər. 

KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olub və intensiv görüşlər keçirib. 

SİZİN FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR

Şərhinizi daxil edin!
Buraya adınızı daxil edin