15 
iyn
2023
18:17
180

Ən "uzunömrlü" icra başçıları: 31 ildir bu vəzifəni tutan var - SİYAHI

15 iyn, 2023
18:17
180

Ən "uzunömrlü" icra başçıları: 31 ildir bu vəzifəni tutan var - SİYAHI

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tutduğu vəzifədən azad edilməsi yenidən diqqəti "kiçik padşahlar”a və onların fəaliyyətinə yönəldib. 

Bu da təsadüfi deyil. Əvvəla, ona görə ki, hələ də cəmiyyətin vəzifədən çıxarılacağını gözlədiyi icra başçıları var və Ziyəddin Əliyevin görəvdən alınması prosesin başlanğıcı kimi görülür. Bu yöndə gedən müzakirələrdə fəaliyyəti daha çox narazılıq yaradan, yaxud da uzun müddətdir vəzifədə olan icra başçılarının adı çəkilir.  

İkincisi, yerli icra hakimiyyətləri idarəetmə sisteminin ən çox tənqid edilən həlqəsidir. Elə bu səbəbdəndir ki, yerli icra hakimiyyətlərinin ləğvi barədə təkliflər səsləndirilir. Hətta hakimiyyət daxilində bu istiqamətdə müzakirələrin aparıldığı barədə iddialar var.
 
Den.az Qaynarinfo-ya istinadən icra başçıları ilə bağlı mövzunun aktuallığını nəzərə alaraq 15 ildən artıq vəzifədə olan "kiçik padşahların” siyahısını təqdim edir.

Siyahıya Xocavəndin icra başçısı Eyvaz Hüseynov liderlik edir. O, 1992-ci ildən, yəni 31 ildir ki, icra başçısıdır. Eyvaz Hüseynovun Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun qardaşıdır. 


Eyvaz Hüseynov

Eyvaz Hüseynovdan sonra Qobustanın icra başçısı Adil Məmmədov gəlir. O, 29 ildir ki, icra başçısı vəzifəsi daşıyır. Adil Vəliyev 1994-2002-ci illərdə Oğuzun, 2002-2004-cü illərdə Qəbələnin, 2004-2011-ci illərdə Biləsuvarın icra başçısı olub. 2011-ci ildən Qobustana rəhbərlik edir. O, ən çox tənqid olunan icra başçılarındadır. 

Siyəzənin icra başçısı Novruz Novruzovun karyerası isə 28 ili əhatə edir. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə Şabranın icra başçısı olub. 2019-cu isə ildən Siyəzənin icra başçısıdır. 


Taleh Qaraşov

Ən uzun ömürlü icra başçılarından biri də Lənkərana rəhbərlik edən Taleh Qaraşovdur. Cənab Qaraşov 27 ildir ki, icra başçısıdır. O, 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub. 2012-ci ildən Lənkəranın icra başçısıdır. 

Uzun müddətdir icra başçısı vəzifəsində çalışanlardan biri də Bakı meri Eldar Əzizovdur. O, icra başçısı kimi karyerasına 2000-ci ildən başlayıb. Eldar Əzizov 2000-2003-cü illərdə Nizaminin, 2003-2011-ci illərdə Gəncənin, 2011-2015-ci illərdə Sumqayıtın, 2015-2018-ci illərdə Səbailin icra başçısı olub və 2018-ci ildə Bakı meriyasına rəhbər təyin edilib.


Eldar Əzizov

Xocalının icra başçısı Şahmar Usubov da Eldar Əzizov kimi 23 ildir icra başçısı vəzifəsi daşıyır. O, 2000-ci ildən Xocalının icra başçısıdır. 

Qubadlının icra başçısı Malik İsaqov isə 22 ildir icra başçısıdır. O 2001-ci ildən Qubadlıya rəhbərlik edir. 

Abşeronun icra başçısı Abdin Fərzəliyev isə 20 ildir icra başçısıdır. O, 2003-2005-ci illərdə Nizaminin, 2005-2022-ci illərdə Nərimanovun icra başçısı olub. 2022-ci ildən Abşerona rəhbərlik edir. 

Abdin Fərzəliyev bir sıra qalmaqallarla gündəmə gəlib. Nərimanovda yaşıllığın məhv edilməsi, ov zamanı səhvən adam güllələməsi buna nümunə ola bilər. 


Abdin Fərzəliyev

19 illik icra başçısı karyerası ilə növbəti sırada Ağdaşa rəhbərlik edən Tofiq İbrahimov gəlir. O, 2004-2010-cu illərdə Qəbələnin, 2010-2012-ci illərdə Lənkəranın icra başçısı olub. 2012-ci ildən Ağdaşın icra başçısıdır. 

Zakir Fərəcov, Vidadi İsayev, Süleyman Mikayılov, Alı Qocayev, Mənsur Məmmədov, Mərdan Camalov və Qəzənfər Ağayev 18 ildir ki, icra başçısıdır. 

Zakir Fərəcov 2005-2015-ci illərdə Abşeronun icra başçısı olub. 2015-ci ildə isə oradan Sumqayıta təyinat alıb. 

Vidadi İsayev icra başçısı kimi fəaliyyətə Tərtərdə başlayıb. 2005-2011-ci illərdə Tərtərin icra başçısı olan Vidadi İsayev 2011-ci ildən Bərdəyə rəhbərlik edir.

Süleyman Mikayılov isə karyerasına Yardımlıda başlayıb. O, 2005-ci ilin mayından dekabrına qədər Yardımlının icra başçısı olub. Yardımlıdan sonra Lənkərana təyinat alıb və 2010-cu ilə qədər bu rayonda çalışıb. 2010-cu ildən isə Qaradağın icra başçısıdır.


Süleyman Mikayılov

Alı Qocayev isə 2005-2012-ci illərdə Binəqədənin icra başçısı olub. 2012-ci ildən isə Samuxun icra başçısıdır. Alı Qocayev Milli Məcllsin keçmiş spikeri, hazırda deputat olan Oqtay Əsədovun qudasıdır. 

Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu deyilən Mənsur Məmmədov 2005-2007-ci illərdə Zərdabın, 2007-2015-ci illərdə Göyçayın icra başçısı vəzifəsində çalışıb. 2015-ci ildə Ucarın icra başçısı təyin olunub. 

2006-2018-ci illərdə Azərbaycanın müdafiə sənayesi naziri olmuş mərhum Yavər Camalovun qardaşı olan Mərdan Camalov 2005-2019-cu illərdə Şirvanın icra başçısı olub. 2019-cu ildən isə Zərdabın icra başçısıdır.

Qəzənfər Ağayev 2005-2006-cı illərdə Yardımlının, 2006-2012-ci illərdə isə Masallının icra başçısı olub. 2012-ci ildən Astaranın icra başçısıdır. 

Asif Əsgərov, Əziz Əzizov və Xəzər Aslanovun icra başçısı kimi karyerası 16 ili əhatə edir.

Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatalanın, 2009-2015-ci illərdə isə Səbailin icra başçısı vəzifəsini daşıyıb. 2015-ci ildə Nəsiminin icra başçısı postuna təyinat alıb. 

Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabada, 2018-2019-cu illərdə isə Yasamala rəhbərlik edib. 2019-cu ildə Suraxanın icra başçısı təyin edilib. 


Əziz Əzizov

2006-2012-ci illərdə Yardımlının icra başçısı olan Xəzər Aslanov 2012-ci ildən Xızının rəhbəridir. 

Şair Alxasov, Mübariz Əhmədzadə, Elxan Usubov və Rövşən Bağırov isə 16 ildir icra başçısıdır.

Şair Alxasov 2007-ci ildən Qusarın icra başçısıdır.

Mübariz Əhmədzadə 2007-2009-cu illərdə Qaxın icra başçısı olub. 2009-cu ildən Zaqatalanın icra başçısı vəzifəsində çalışır.
 
Elxan Usubov 2007-2011-ci illərdə Ağstafaya rəhbərlik edib. 2011-ci ildə Şəkinin icra başçısı vəzifəsinə təyin olunub. Hələ də bu vəzifədədir. 

2007-2021-ci illərdə Lerikin icra başçısı olan Rövşən Bağırov 2021-ci ildən Ağsunun rəhbəridir. 

Beləliklə, göründüyü kimi 23 icra başçısı uzun müddətdir ki, bu vəzifəni daşıyır və əhali siyahıda adı əks olunanların fəaliyyətindən o qədər də razı deyil. Bəs Ziyəddin Əliyevin işdən çıxarılması onların da əvəzlənməsinə təkan verəcəkmi? Bunu zaman göstərəcək. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar