Sumqayıt şəhər Bələdiyyəsində müqəddəs “Qurban bayramı” münasibətilə xüsusi iclas keçirilib.
Den.az xəbər verir ki, Bələdiyyə sədri Adil Xudadatovun sədrliyi ilə baş tutan tədbirdə bələdiyyə üzvləri iştirak ediblər.
İclasın əvvəlində Adil Xudadatov bütün bələdiyyə üzvlərini və onların timsalında Sumqayıt ictimaiyyətini “Qurban bayramı” münasibətilə təbrik edib. O, bu bayramın İslam dünyası üçün mənəvi dəyərlər və həmrəylik baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Sədr bayramın mahiyyətindən söz açaraq, yardımlaşma və paylaşma kimi ali dəyərlərin bu müqəddəs günlərdə daha da ön plana çıxdığını vurğulayıb.
Daha sonra iştirakçıların sualları dinlənilib, onları maraqlandıran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Görüş zamanı şəhərin sosial-iqtisadi inkişafı, infrastruktur layihələri, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr müzakirə olunub.
İclasın sonunda Adil Xudadatov yaxın dövr üçün müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri barədə bələdiyyə üzvlərinə ətraflı məlumat verib. O, görüləcək işlərə dair dəqiq planların hazırlandığını və bu istiqamətdə birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Qarşılıqlı müzakirələr şəraitində keçirilən görüşdə bələdiyyə üzvləri də təklif və tövsiyələrini səsləndiriblər.
Bayram əhval-ruhiyyəsinin hiss olunduğu görüş Sumqayıt Bələdiyyəsinin vətəndaşlara xidmət və şəhərin inkişafı yolunda birgə fəaliyyət əzmini bir daha nümayiş etdirdi.