2025-ci ildə Azərbaycanda 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 877 nəfər olub.
Bu göstərici Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.
Məlumata görə, 2024-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 402 nəfər azalıb. Belə ki, ötən il bu göstərici 1279 nəfər olduğu halda, 2025-ci ildə 877 nəfərə enib.
Qeyd olunub ki, erkən evliliklərlə bağlı vəziyyətin qiymətləndirilməsində əsas göstəricilərdən biri də 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı hesab olunur.
Məlumatda həmçinin bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib. Bu faktlarla bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bundan başqa, 57 şəxslə profilaktik iş aparılıb.
Eyni zamanda, ötən il 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb. Bu işlər çərçivəsində 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.

