Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan “Hürriyyət” qəzetinin və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. V. Məmmədov ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və məhkəmədə ifadə verib.
Müdafiə tərəfi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Növbəti məhkəmə iclası 27 iyul tarixinə təyin olunub.
Xatırladaq ki, Vüqar Məmmədov ötən il 29 oktyabrda DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü maddələri ilə yekun ittiham irəli sürülüb. Həmin maddələr müvafiq olaraq təkrar hədə-qorxu ilə tələb etmə və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etməni nəzərdə tutur.

