İyulun 9-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın İslandiyanın “Vestri” klubu ilə ev oyunu keçiriləcək.
Matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
Matçdan əvvəl stadiona yaxın yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu, kütləvi tədbirlər zamanı Bakı Metropoliteninin fəaliyyət planına uyğun olaraq həyata keçiriləcək.
Oyuna marağın yüksək olacağı və sərnişinlərin təhlükəsiz, rahat daşınmasının təmin edilməsi nəzərə alınaraq stansiyada əlavə nəzarət tədbirləri tətbiq ediləcək.
Bunun üçün əlavə əməkdaşlar cəlb olunmaqla gücləndirilmiş növbətçilik təşkil ediləcək. Xüsusilə matç başa çatdıqdan sonra sərnişin axınının düzgün istiqamətləndirilməsinə xüsusi diqqət ayrılacaq.
Əlavə tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.
Gün ərzində qatarlar iş günləri üçün nəzərdə tutulan yay qrafiki üzrə hərəkət edəcək. Zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.
Matç başa çatdıqdan sonra isə qatarların hərəkəti “Gənclik” stansiyasının yüklənməsi nəzərə alınmaqla xüsusi rejimdə tənzimlənəcək.

