Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə ekstradisiya ediləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən DenMedia.az-a verilən məlumata görə, Əlicanlı Nahid Rasim oğlunun Azərbaycana ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.
Məlumata görə, Qubadlı Hərbi Prokurorluğunda araşdırılan cinayət işi üzrə Nahid Əlicanlının Azərbaycan Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Həmin maddə hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etməni nəzərdə tutur.
Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib. İstintaqdan yayınaraq gizləndiyinə görə Nahid Əlicanlı beynəlxalq axtarışa verilib.
Hazırda onun Azərbaycana gətirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun tədbirlər həyata keçirilir.

