Azərbaycanda, o cümlədən Bakı və Abşeron yarımadasında yaxın günlər ərzində qeyri-sabit hava şəraiti gözlənilir. İntensiv yağışlar, güclü külək, şimşək, bəzi ərazilərdə subasma, dağ çaylarında isə sel və daşqın ehtimalı var.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən əhaliyə müraciət edib.
Bildirilib ki, oktyabrın 2-dən etibarən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, bəzi yerlərdə yağıntılar intensiv xarakter alacaq.
Nazirlik mümkün təhlükələrin qarşısını almaq üçün vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Güclü yağışlar nəticəsində sel, daşqın və subasma təhlükəsi yaranarsa, sakinlər riskli ərazilərdən uzaq durmalı, zərurət olduqda dərhal yaxınlıqdakı yüksək yerə qalxmalı və xilasedicilərin göstərişlərinə əməl etməlidirlər.
Şimşək çaxan zaman elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonlardan istifadə etməmək tövsiyə olunur. Açıq havada olan şəxslər elektrik xətlərindən, ildırımötürücülərdən, su novlarından və antenalardan uzaq durmalı, hündür ağacların altında gizlənməməlidirlər.
İldırım zamanı avtomobildə olan sürücülərə nəqliyyat vasitəsini dayandırmaq, şüşələri bağlamaq və hava şəraiti yaxşılaşanadək avtomobildə qalmaq tövsiyə edilir.
Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən, naqillərdən və hündür ağaclardan uzaq durmaq lazımdır.
FHN həmçinin bildirib ki, güclü külək yanğınların söndürülməsini çətinləşdirdiyindən belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir.
Kiçikhəcmli gəmi sahiblərinə isə əlverişsiz hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
Nazirlik vətəndaşları hava şəraiti ilə bağlı xəbərdarlıqları izləməyə və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırıb.
Təhlükə yarandıqda FHN-in «112» qaynar xəttinə müraciət etmək tövsiyə olunur.

