Azərbaycanda oktyabrın 1-dən satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahələri ilə bağlı qaydalara dəyişiklik edilib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Bildirilib ki, yeni qaydalara əsasən, kirayə mexanizmi çərçivəsində mənzil əldə edən şəxslər müqavilə üzrə öhdəliklərini yalnız müqavilənin bağlanmasından üç il sonra başqa şəxsə ötürə biləcəklər.
Müqavilə öhdəliklərini başqasına ötürən şəxslər isə beş il keçdikdən sonra proqramdan yenidən yararlanmaq hüququ qazanacaqlar.
Dəyişikliklərə əsasən, müraciət zamanı Fondun vəsaiti hesabına verilmiş qüvvədə olan ipoteka krediti olmayan şəxslər proqramda iştirak edə biləcəklər.
Müraciət edənlərin kredit tarixçəsinə dair tələblər də yenilənib. Bundan sonra yalnız kredit tarixçəsi “müsbət” və ya “qənaətbəxş” qiymətləndirilən şəxslərin mexanizmdən istifadəsinə icazə veriləcək.
Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli, 488 nömrəli Fərmanına əsasən tətbiq edilir. Proqramın məqsədi şəxsi yığımları mənzil almağa kifayət etməyən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaqdır.
2020–2026-cı illərdə Bakı, Sumqayıt və Abşeron rayonunda 17 ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təklif olunub.
İndiyədək proqram çərçivəsində 10 mindən çox kirayə müqaviləsi rəsmiləşdirilib.

