Azərbaycanda 2060-cı ilədək bütün binalarda elektrik plitələrinin payının 100 faizə çatdırılması, qazla işləyən avadanlıqlardan istifadənin isə mərhələli şəkildə azaldılması planlaşdırılır.
Bu, “Azərbaycanın uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası” sənədində nəzərdə tutulub.
Sənədə əsasən, 2035-ci ilədək şəhər və kənd yerlərində yerləşən yaşayış binalarında elektrik plitələrinə keçidin təşviq edilməsi planlaşdırılır. Eyni zamanda, həmin avadanlıqların işləməsi üçün bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisindən istifadənin dəstəklənməsi nəzərdə tutulur.
Hədəfə əsasən, 2060-cı ilədək bütün binalarda bərpaolunan elektrik enerjisi ilə işləyən plitələrin quraşdırılması planlaşdırılır.
Bu addım yemək hazırlanması zamanı təbii qazdan istifadə nəticəsində yaranan istixana qazı emissiyalarının azaldılmasına xidmət edəcək.
Elektrik plitələrinə keçidin yemək bişirmək üçün təbii qaza olan tələbatı azaltmaqla bina sektorunun karbonsuzlaşdırılmasında mühüm rol oynayacağı gözlənilir.

