Bakının Nizami rayonunda yerləşən iaşə obyektindən yayılan kəskin yemək qoxusu sakinlərin narazılığına səbəb olub.
Denmedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində yerləşən “N1 Tantuni” adlı obyektdən gedir.
Sakinlərin sözlərinə görə, qutab, peraşki və şaurma hazırlanarkən yaranan yağ və yemək qoxusu mənzillərə dolaraq ciddi narahatlıq yaradır.
Onlar obyektin havalandırma sisteminin olmadığını və bunun vəziyyəti daha da çətinləşdirdiyini bildiriblər.
Obyektin sahibi isə sakinlərin iddiaları ilə razılaşmayıb.
Məsələyə aidiyyəti qurumlar müdaxilə etdikdən sonra sakinlərin şikayəti təmin olunub və iaşə obyektinin fəaliyyəti dayandırılıb.

