Polşa Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general Stanislav Kozei Ukraynanın şərqində Rusiya qoşunlarının yerüstü əməliyyatları intensivləşdirməsindən ciddi narahatlığını ifadə edib.
Den.az-ın xəbərinə görə, o, bu barədə Polşanın “Fakt” qəzetinə verdiyi müsahibəsində danışıb.
“Düşünürəm ki, bu, ciddi siqnaldır. Əgər Rusiya bu şəhərləri blokadaya ala bilsə, Ukrayna ordusunun şərq cəbhəsindəki mövqeləri ciddi təhlükə altına düşəcək. Həmin şəhərlərdə yaşayan əhalinin təxliyəsi vacibdir”, – Kozei bildirib.
General həmçinin qeyd edib ki, son aylarda Rusiya ordusu daha çox hava hücumlarına və pilotsuz aparatların istifadəsinə üstünlük verirdi. Lakin indi bu taktika dəyişir və quru əməliyyatlarının miqyası genişlənir.
“Rusiyanın bu istiqamətdə fəallaşması Slavyansk, Kramatorsk və Konstantinovka kimi möhkəmləndirilmiş şəhərləri təcrid etməyə yönəlib. Məqsəd Ukrayna ordusunun bu bölgədəki əsas qüvvələrini operativ mühasirəyə almaq və onları tədricən zəiflətməkdir”, – polşalı hərbi ekspert əlavə edib.