ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail və HƏMAS arasında Amerikanın sülh planının ilk mərhələsi imzalanıb.
DenMedia.az xəbər verir ki, o, bu barədə oktyabrın 9-da öz sosial platforması Truth Social-da yazıb.
“Qürurla bildirirəm ki, İsrail və HƏMAS sülh planımızın ilk mərhələsini imzalayıblar. Bu o deməkdir ki, bütün girovlar yaxın vaxtlarda azad ediləcək, İsrail isə qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. Biz bütün tərəflərə ədalətli yanaşacağıq. Bu, ərəb və müsəlman dünyası, İsrail və ABŞ üçün tarixi gündür”, — deyə Tramp vurğulayıb.
Tramp Qətər, Misir və Türkiyəyə vasitəçilik səylərinə görə təşəkkür edib və əldə olunan razılaşmanı “tarixi və misilsiz hadisə” adlandırıb.
HƏMAS da razılaşmanı təsdiqləyib.
Hərəkat bəyan edib ki, Qəzza zolağında atəşkəs haqqında razılıq əldə olunub, və Qətər, Misir, Türkiyə ilə yanaşı Trampa da sülh prosesinə verdiyi töhfəyə görə minnətdarlıq bildirib.
“Biz zəmanətçi ölkələri və ABŞ prezidentini İsraili razılaşmanın şərtlərinə əməl etməyə məcbur etməyə çağırırıq,” — deyə HƏMAS bəyanatında vurğulanıb.
İsrailin Baş naziri Binyamin Netanyahu razılaşmadan sonra Donald Trampla telefonla danışaraq onu Knessetdə çıxış etməyə dəvət edib.
“Qətiyyətli iradəmiz, güclü hərbi əməliyyatlarımız və böyük dostumuz, müttəfiqimiz prezident Trampın misilsiz səyləri sayəsində bu həlledici mərhələyə çatdıq,” — deyə Netanyahu bildirib.
Tramp əlavə edib ki, HƏMAS-ın saxladığı girovların azad edilməsi oktyabrın 13-də gözlənilir.