Hindistanın Karnataka əyaləti qonşu Kerala əyalətinə gedən zəvvarlar üçün rəsmi xəbərdarlıq yayıb. “Indian Express”in məlumatına görə, zəvvarlara ölümcül beyin infeksiyasına səbəb ola bilən təhlükəli amöbadan qorunmaq üçün şirin sularda çimərkən burnunu sıxmaq tövsiyə olunur.
Keralada son günlər Naegleria fowleri amöbasının yayılması müşahidə edilib. Bu parazit isti, durğun şirin suda yaşayır və çox yüksək letallığa malik olan birincili amöb meninqoensefaliti törədir. Xəbərdarlıq, xüsusilə Sabarimala məbədinə axın edən milyonlarla zəvvar nəzərə alınaraq verilib.
Rəsmi məlumatda deyilir:
“Ziyarət zamanı durğun sularda çimərkən suyun buruna keçməməsi üçün burun klipindən istifadə edin və ya burnunuzu əlinizlə möhkəm sıxın.”
İnfeksiya yalnız su burun boşluğuna daxil olduqda yaranır; parazit qoxu sinirləri vasitəsilə beyinə keçir. Qeyd olunur ki, xəstəlik nə çirkli su içməklə, nə də insandan insana keçmir.
Həkimlər xəbərdar edir ki, su ilə təmasdan sonra 7 gün ərzində qızdırma, güclü baş ağrısı, ürəkbulanma, boyun sərtliyi və şüur qarışıqlığı kimi simptomlar yaranarsa, dərhal tibbi yardıma müraciət edilməlidir.
Ayyappa tanrısına həsr olunmuş Sabarimala məbədi hər il 15 noyabr–26 dekabr tarixləri arasında 50 milyonadək zəvvar qəbul edir. Bu isə kütləvi yoluxma riskini əhəmiyyətli dərəcədə artırır.

