Keçmiş Malayziya kralı, Kelantan sultanı V Məhəmməd şəxsi yazışmada “Miss Moskva–2015” Oksana Vojvodinanın oğlunun atası olduğunu etiraf edib. Bu barədə Mothership nəşri amerikalı həyat yoldaşı Brittani Porterin paylaşdığı mesajlara istinadən məlumat yayıb.
Porterin sözlərinə görə, o, 2024-cü ilin aprelində sultanla Oman səfərində iştirak edib və orada keçirilən nikah mərasimini sadəcə nişan hesab edib. Daha sonra qadın başa düşüb ki, həmin mərasimlə o, rəsmi olaraq V Məhəmməd -in həyat yoldaşı olub.
İyul ayında Porterin düşük yaşamasından sonra sultan onunla əlaqəni kəsib.
“Düşükdən sonra yoxa çıxdı. Nə izah, nə boşanma. Sadəcə sükut”, — deyə Porter yazıb.
Eyni vəziyyət əvvəlcə Oksana Vojvodina ilə də yaşanmışdı: sultan oğlanı rəsmi olaraq tanımır, lakin Porterlə özəl yazışmada etiraf edib ki, uşağı öz övladı hesab edir.
Amerikalı qadın sultanın sözlərini yayımlayıb:
“Oksana yalnız pula baxır. Ondan hər il neçə milyon funt-sterlinq istəyir...”
Sultan Porterin göndərdiyi videoya cavab olaraq oğlanın görüntüsünü inkar etməyib və yazıb:
“İndi belə görünür.”
V Məhəmməd hətta ona “Leon’s school report” adlı iki səhifəlik PDF sənəd də göndərib.
Oksana Vojvodinanın sultanla evliliyi 2018-ci ilin sonunda məlum olmuşdu. 2019-cu ilin mayında oğlu dünyaya gəlib, iki ay sonra isə cütlüyün boşandığı ortaya çıxmışdı. Vojvodina iddia edirdi ki, boşanma qərarını internetdən öyrənib.
2020-ci ildə isə o, malay sarayından hədələyici mesajlar aldığını bildirmişdi.

