NATO-nun Ukraynada Dəstək və Hazırlıq Qərargahı (NSATU) komandanının müavini Mayk Koller Welt-ə müsahibəsində Ukraynada hərbi əməliyyatların “hələ ki, başa çatmasının görünmədiyini” bildirib.
Kollerin sözlərinə görə, Qərb Ukraynanı “daimi resurs axını ilə” təmin etməyə davam etməlidir. O deyib ki, Kiyev ciddi silah çatışmazlığına baxmayaraq, müqaviməti davam etdirir.
“Əsas vəzifə — silah və maliyyənin fasiləsiz çatdırılmasını təmin etməkdir. Dəstək dövri olaraq dəyişir, buna görə vəziyyəti nəzarətdə saxlamalıyıq, xüsusilə kritik imkanlara dair,” — deyə NATO rəsmisi vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Florida danışıqları nəticəsiz qalıb: ABŞ və Ukrayna nümayəndə heyətləri Vaşinqtonun münaqişənin həlli ilə bağlı planındakı heç bir əsas məsələ üzrə razılığa gələ bilməyib. “Strana.ua”nın məlumatına görə, Kiyev nümayəndələri xüsusilə DNR-dən qoşunların çıxarılması bəndini konstitusion məhdudiyyətləri əsas gətirərək rədd ediblər. Bundan başqa, Ukrayna tərəfi NATO üzvlüyündən imtina maddəsini də qəbul etməyib.

