BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, vəzifədə olduğu təxminən on il ərzində beynəlxalq qurumların islahatı ilə bağlı qlobal konsensusa gələ bilməyib. Onun sözlərinə görə, mövcud sistem yeni qlobal reallıqlara uyğunlaşa bilmir, Reuters xəbər verir.
Quterreş deyib:
«Dəqiq demək çətindir, çünki görmək istədiyim çox şey var, amma edə bilmirəm. Əsas məyusluğum – beynəlxalq sistemin ehtiyac duyduğu islahatlar üzrə qlobal konsensusun olmamasıdır».
Baş katib vurğulayıb ki, qlobal problemlərin ən effektiv həlli beynəlxalq mexanizmlər vasitəsilə mümkündür. Lakin bu sistemin əsas dayaqları — BMT Təhlükəsizlik Şurası, Bretton-Vuds institutları və digər strukturlar yenilənməyə ciddi ehtiyac duyur.
Quterreşin sözlərinə görə, islahatlarla bağlı siyasi iradə çatışmır, xüsusən də ən nüfuzlu dövlətlərdə. O ümid edib ki, həmin ölkələr nəhayət başa düşəcək: müxtəlif tərəfli institutların adaptasiyası onların öz maraqlarına uyğundur, çünki bugünkü dünya 1945-ci ildən köklü şəkildə fərqlənir.

