Rusiya hökuməti ABŞ-a diplomatik nota göndərərək Bella 1 neft tankerinin təqibinin dayandırılmasını xahiş edib.
Bu barədə The New York Times (NYT) məlumat yayıb.
Nəşrin mənbələrinə görə, nota 31 dekabr gecə saatlarında göndərilib və ABŞ Dövlət Departamenti ilə Ağ Evin Daxili Təhlükəsizlik Şurasının rəsmiləri tərəfindən alınıb.
Qeyd olunur ki, daha əvvəl Bella 1 tankerinin heyəti ABŞ-dan qorunmaq məqsədilə gəminin bortunda Rusiya bayrağını təsvir edib. Az sonra tanker həqiqətən Rusiya Dəniz Reyestrinə daxil edilib, lakin Marinera adı ilə. Reyestrdə göstərilir ki, tanker Rusiya bayrağı altında üzür və Soçi limanına qeydiyyatlıdır. NYT vurğulayır ki, beynəlxalq hüquqa əsasən, milli bayraq altında üzən gəmilər həmin dövlətin müdafiəsi altındadır.
ABŞ hərbçiləri 21 dekabrdan etibarən Bella 1 tankerini təqib edir. Gəmi İran neftinin daşınmasına görə ABŞ sanksiyaları altındadır. Təqib Karib dənizində, Venesuela neftini daşıyan gəmilərə qarşı tətbiq olunan blokada çərçivəsində başlayıb.
Marinetraffic xidmətinin məlumatına görə, tanker son reyslərini Qayana bayrağı altında həyata keçirib. Bloomberg isə yazıb ki, təqibin başladığı vaxt Bella 1 Panama bayrağı altında üzürdü. ABŞ rəsmiləri bildiriblər ki, amerikalı hərbçilərlə ilk təmas zamanı gəminin etibarlı milli bayrağı olmayıb, bu səbəbdən onun saxlanılması və yoxlanılması zəruri sayılıb.

