İranın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti **Donald Trump**un İranda etirazçılara “Amerikanın yardımı” ilə bağlı açıqlamalarını BMT Nizamnaməsinin və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
IRNA agentliyinin yaydığı bəyanatda bildirilir ki, bu cür “məsuliyyətsiz mövqe” ABŞ-ın İran xalqına qarşı təhdid və qeyri-qanuni yanaşmasının davamıdır, dövlətlərin milli suverenliyinə hörmət prinsiplərinin açıq pozuntusudur və iranlılara qarşı zorakılıq və terrora təhrik xarakteri daşıyır.
XİN həmçinin BMT Təhlükəsizlik Şurasının və təşkilatın baş katibinin ABŞ-ın “aqressiv birtərəfli yanaşmasından” beynəlxalq sülh və təhlükəsizliyi qorumaq öhdəliyini xatırladıb.
Nazirlik Trampın bəyanatlarını “regionda gərginliyin artırılmasına yönəlmiş sionist rejimin siyasətinə uyğun” adlandırıb və Tehran tərəfinin istənilən aqressiyaya cavabının “sürətli, qətiyyətli və hərtərəfli” olacağını vurğulayıb.
Öz növbəsində, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir və suverenliyin pozulacağı halda zərbənin hara endiriləcəyini dəqiq bilir. O, Trampın açıqlamalarını “təhlükəli və məsuliyyətsiz” adlandırıb.
Xatırladaq ki, daha əvvəl Tramp Truth Social sosial şəbəkəsində yazaraq, İran təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açacağı təqdirdə ABŞ-ın köməyə gələcəyini bəyan edib və “hərəkətə hazır olduqlarını” qeyd edib. ABŞ lideri konkret hansı addımların atılacağını açıqlamayıb.

