Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampı Qrenlandiya ilə bağlı hədə və təhdid kimi dəyərləndirilə bilən açıqlamaları dayandırmağa çağırıb. Bu barədə Reuters məlumat yayıb.
Danimarka hökumətinin başçısının reaksiyasına səbəb Trampın Atlantic jurnalına verdiyi müsahibə olub. ABŞ lideri Venesuela ətrafındakı vəziyyətə istinad edərək, Qrenlandiyanın ABŞ üçün zəruri olduğunu, adanın guya Çin və Rusiya gəmiləri ilə əhatələndiyini iddia edib.
Frederiksen bu bəyanatlara birbaşa və birmənalı cavab verib. Onun sözlərinə görə, ABŞ-ın Qrenlandiyanı nəzarətə götürməyə ehtiyacı olduğu barədə danışmağın heç bir əsası yoxdur və Vaşinqtonun Danimarka Krallığının üç hissəsindən heç birini ilhaq etmək hüququ yoxdur.
“Tarixi baxımdan yaxın müttəfiqimizə, eləcə də özünü açıq şəkildə satılmayan xalq kimi təqdim edən başqa bir ölkə və xalqa qarşı təhdidlərə son qoymağa ABŞ-ı qəti şəkildə çağırıram”, — deyə Frederiksen vurğulayıb.

