Roma papası Lev XIV bildirib ki, Yaxın Şərqdəki münaqişənin yaratdığı ölüm və əzab bütün bəşəriyyət üçün bir qalmaqaldır. Bu barədə Vatican News məlumat yayıb.
Pontifik qeyd edib ki, regiondakı və digər münaqişə zonalarındakı vəziyyəti narahatlıqla izləməyə davam edir.
“Bu münaqişələrin müdafiəsiz qurbanlarının çəkdiyi əzab qarşısında susa bilmərik. Onlara dəyən zərbə bütün bəşəriyyətə dəyir. Bu müharibələrin yaratdığı ölüm və ağrı bütün insanlıq üçün bir qalmaqaldır və Tanrı qarşısında bir fəryaddır”, – deyə Lev XIV vurğulayıb.
O əlavə edib ki, getdikcə daha çox region müharibə və zorakılıq içində parçalanır və bu vəziyyət beynəlxalq ictimaiyyətin diqqətini və reaksiyasını tələb edir.
Roma papası möminləri döyüşlərin dayandırılması üçün fasiləsiz dua etməyə çağırıb, həmçinin səmimi dialoq və insan ləyaqətinə hörmət əsasında sülh yolunun açılmasının vacibliyini qeyd edib.

