İran ABŞ-a qarşı Haaqadakı beynəlxalq arbitraj məhkəməsinə iddia qaldırıb. Tehran Vaşinqtonu nüvə obyektlərinə qarşı hərbi təcavüzdə, qanunsuz sanksiyalar tətbiq etməkdə və güc tətbiqi ilə hədələməkdə ittiham edir. Bu barədə “Mizan” agentliyi məlumat yayıb.
İran tərəfinin məlumatına görə, şikayət 2026-cı ilin fevral-mart aylarında qeydə alınıb və Vaşinqtonun 2025-ci ilin iyununda İslam Respublikasına qarşı aparılmış 12 günlük müharibə zamanı beynəlxalq öhdəlikləri pozması ilə bağlıdır.
Məlumatda deyilir:
İran hökuməti ABŞ-a qarşı Haaqadakı arbitraj məhkəməsinə “İranın nüvə obyektlərinə qarşı hərbi təcavüz”, “iqtisadi sanksiyaların tətbiqi” və “güc tətbiqi ilə hədələr” səbəbindən iddia qaldırıb.
İddia 1981-ci il Əlcəzair razılaşmalarına uyğun olaraq təqdim edilib. Həmin razılaşmalar arbitraj tribunalının yaradılmasını və ABŞ-ın Tehranın daxili işlərinə müdaxilədən imtina etməsini nəzərdə tutur.
İran arbitrlərdən Amerika tərəfini istənilən müdaxiləni tamamilə dayandırmağa, həmçinin vurulmuş bütün zərərə görə kompensasiya ödəməyə məcbur etməyi xahiş edir.

