Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində ən azı 24 nəfərin həyatını itirdiyi bildirilir.
Regional hakimiyyət orqanlarının məlumatına görə, Valle-del-Kauka departamentinin Kalima-El-Darien şəhərində divarın uçması nəticəsində üç uşaq, Sarsal şəhərində isə bir nəfər ölüb. Digər bölgələrdə də itkilərin qeydə alındığı bildirilir.
BluRadio-nun məlumatına görə, Manisales şəhərində zəlzələdən sonra ən azı 100 nəfər itkin düşmüş hesab olunur.
Çoko departamentinin qubernatoru Nubia Karolina Kordoba-Kuri bildirib ki, bölgədə yaralananlar var və bir sıra binalara ciddi ziyan dəyib. Hakimiyyət orqanları mümkün afterşoklarla bağlı da narahatlıq ifadə edib.
Yeraltı təkanlar Boqota, Kali, Popayan, Manisales, Armeniya, Pereira və Medellin şəhərlərində, həmçinin qonşu Ekvador və Panamada hiss olunub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,8 olub. Episentr təxminən 134 min əhalisi olan Kartaqo şəhərindən 31 kilometr şimal-qərbdə, ocaq isə 115 kilometr dərinlikdə yerləşib.

