Rusiyada yeni tədris ilindən etibarən məktəblərdə ərəb dilinin tədrisi üzrə təsdiqlənmiş proqram tətbiq olunmağa başlayacaq.
Bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov məlumat verib. Onun sözlərinə görə, proqram sentyabrın 1-dən qüvvəyə minəcək.
Açıqlama Şeyxa Fatimə bint Mübarək adına Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı keçirilən işgüzar görüş zamanı səsləndirilib. Mərkəz Y. M. Primakov adına Vilayət Gimnaziyasının bazasında fəaliyyət göstərir.
Kravtsov bildirib ki, ölkədə ərəb dilinin tədrisinin inkişafı istiqamətində işlər bir neçə ildir aparılır. O qeyd edib ki, məktəblilər artıq bu fənn üzrə Ümumrusiya olimpiadasında iştirak edirlər.
“Artıq üç ildir ki, ərəb dili üzrə olimpiada keçirilir. Rusiya məktəblərində ərəb dilinin öyrənilməsi proqramı təsdiqlənib və bu proqram yeni tədris ilində, sentyabrın 1-dən tətbiq olunmağa başlayacaq”, - deyə nazir bildirib.

