Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin, eləcə də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələrini elan edib.
DİM-dən bildirilib ki, abituriyentlər, o cümlədən subbakalavrlar müsabiqənin nəticələri ilə Mərkəzin rəsmi internet səhifəsində tanış ola bilərlər.
Nəticəni, həmçinin ixtisas seçimi ilə bağlı elektron ərizədə göstərilən “iş nömrəsi”ni və ya 7 rəqəmli kodu 7727 qısa nömrəsinə göndərməklə öyrənmək mümkündür. Xidmət “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının abunəçiləri üçün əlçatandır.
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrində 1760 dövlət sifarişli yerə 390 nəfər qəbul olunub. Onlardan 167-si subbakalavrdır.
Orta ixtisas təhsili müəssisələrinə isə 16 244 abituriyent qəbul olunub.
Kolleclər üzrə qəbul planı 87,92 faiz yerinə yetirilib. 2231 yer boş qalıb ki, bu da ümumi planın 12,08 faizini təşkil edir.
Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı vasitəsilə aparılacaq.
Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
Denmedia.az

