Yeni tədris ili ərəfəsində Bakının küçə və prospektlərində, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Yol Polisi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına görə, dərslərin başlanması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların sayının əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq təhsil müəssisələrinin yaxınlığında nəzarət gücləndirilir.
Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri yoxlanılır. Aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Eyni zamanda, məktəblərin qarşısındakı piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir.
DYP və AYNA-nın birgə açıqlamasında bildirilib ki, görülən tədbirlərin əsas məqsədi şagirdlərin məktəbə gedib-gələrkən təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.
Denmedia.az

