Antalyada keçirilən diplomatik forumda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yaşanan gərginlik regionda sülh gündəliyinin nə qədər kövrək olduğunu bir daha göstərdi.
Den.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov forum çərçivəsində ikitərəfli görüş zamanı açıq şəkildə bildirdi ki, Ermənistan məlum iki əsas şərtə – sərhədlərin delimitasiyası və ölkəmizin ərazi bütövlüyünün tanınması – əməl etdikdən sonra sülh müqaviləsinin imzalanması mümkündür.
Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunun cavabında, özünəməxsus “siyasi dolaşıqlıqla” məsələdən yayınmağa çalışaraq, Ermənistan Konstitusiya Məhkəməsinin keçən il qəbul etdiyi qərarı xatırlatdı. O, bu qərarın Ermənistanın Müstəqillik Aktının ölkə sərhədlərinin tanınmasına hüquqi əngəl yaratmadığını iddia etdi. Bu isə birbaşa olaraq Azərbaycanın haqlı tələblərinə qeyri-ciddi və dolayısı yanaşma kimi qiymətləndirilə bilər.
Mirzoyanın ritorikası sülhə deyil, süni gərginliyə hesablanmış siyasi jest kimi görünür. Əgər Ermənistan sülhə həqiqətən maraqlıdırsa, hüquqi manipulyasiyalardan deyil, konkret və səmimi addımlardan başlamalıdır.
Bu görüş bir daha sübut etdi ki, regionda davamlı sülh yalnız siyasi iradə və real əməli addımlar vasitəsilə mümkündür. Əks halda, danışıqlar masası növbəti diplomatik teatr səhnəsinə çevriləcək.
Nizami Rəsulov
Den.az