Sumqayıt şəhərində vətəndaşlarla birbaşa təmasın gücləndirilməsi və onların gündəlik sosial-məişət problemlərinin operativ şəkildə həll olunması məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul görüşü keçirilib.
Den.az xəbər verir ki, bu dəfəki qəbul şəhərin 10-cu mikrorayon ərazisində baş tutub.
Görüş zamanı ərazi sakinləri tərəfindən səsləndirilən müraciətlər əsasən kommunal xidmətlər, məhəllədaxili yolların təmiri, işıqlandırma, uşaq meydançalarının qurulması, eləcə də fərdi sosial problemlərlə bağlı olub. Səyyar qəbulda çıxış edən sakinlər bu cür açıq və şəffaf görüşlərin onların problemlərinin diqqətə çatdırılması və həllinə böyük töhfə verdiyini bildiriblər.
Zakir Fərəcov hər bir müraciəti diqqətlə dinləyərək, aidiyyəti idarə və qurum rəhbərlərinə yerindəcə tapşırıqlar verib. Bir sıra məsələlər elə görüş zamanı öz həllini tapıb. Digərləri üzrə isə konkret vaxt çərçivəsində icra üçün tədbirlər planı hazırlanıb. İcra başçısı vurğulayıb ki, vətəndaş məmnuniyyəti hər zaman fəaliyyətlərinin əsas prioritetidir.
Qəbulda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə nümayəndələri, eləcə də kommunal xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinlər Sumqayıt şəhərində son illərdə müşahidə olunan sürətli inkişafdan, yeni parkların, yolların, sosial obyektlərin tikintisindən razılıqlarını ifadə edib, şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bu cür səyyar qəbullar bir daha sübut edir ki, vətəndaşla birbaşa ünsiyyət – sosial rifahın və cəmiyyətin inkişafının əsas şərtidir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu istiqamətdə atdığı ardıcıl addımlar isə sakinlərin gündəlik həyatında öz müsbət təsirini göstərməkdədir.
Ellada Rəsul
Den.az