Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Silahlı Qüvvələrinin 08:00-dan 09:00-a qədər Ermənistanın Sünik vilayətində (Zəngəzur – red.) yerləşən Nerkin Xand kəndi istiqamətində atəş açması barədə məlumat yayıb. Ermənistan tərəfinin iddiasına görə, atəş nəticəsində yaşayış evinə zərər dəyib.
“Den.az” xəbər verir ki, etibarlı mənbənin caliber.az-a verdiyi məlumata görə, sözügedən açıqlama həqiqətə uyğun deyil.
Bildirilib ki, Azərbaycan ordusunun bölmələri qeyd olunan istiqamətdə atəş açmayıb, Ermənistan tərəfinin yaydığı açıqlama uydurmadır: “Azərbaycan Silahlı Qüvvələri mülki obyektlərə hücum etməmək prinsipinə ciddi əməl edir və heç zaman mülki əhali üçün təhdid doğurmayıb və doğurmur. Mənbələrimiz qeyd edib ki, İrəvan tərəfindən bu cür ittihamlar həm Ermənistan, həm də beynəlxalq ictimaiyyətə dezinformsiya vermək məqsədi daşıyır.
Son zamanlar Ermənistanın hərbi strukturları tərəfindən belə ittihamlar sistematik xarakter alıb. Bu, şərti sərhəd boyu gərginlik illüziyası yaratmağa yönəlmiş müəyyən informasiya strategiyasından danışmağa imkan verir. Burada məqsəd aydındır - kənar müşahidəçilərdə baş verənlər haqqında yanlış təəssürat yaratmaq və bu cür iddialar üçün hər hansı real əsas olmadan Ermənistanı qurban rolunda təqdim etmək.
Regiona sabitlik və dayanıqlı sülhə doğru irəliləmək lazım gəldiyi bir zamanda bu cür açıqlamalar etimad mühitinə zərər vurur və Ermənistan tərəfinin konstruktiv yanaşma əvəzinə əvvəlkitək informasiya təxribatı metodlarından istifadə etdiyini nümayiş etdirir”.