Xəbər verdiyimiz kimi, tanınmış iş adamı, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə saxlanılıb. Mənbələrin iddiasına görə, Adnan Əhmədzadə neft fırıldağında şübhəli bilinir. O, Azərbaycan neftini xam neft məhsulları ilə qarışdırmaqda və bununla da ölkə qanunvericiliyini kobud şəkildə pozmaqda ittiham olunur. O da bildirilir ki, bu həbs korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlardan biri kimi qiymətləndirilir. Bundan başqa, Əhmədzadənin Rusiyaya və ya Qərbə bağlı olduğunu iddia edirlər. Əgər deyilənlər təsdiqini taparsa, Adnan Əhmədzadəni hansı cəza gözləmiş olacaq? Belə bir korrupsiya faktı və qanunsuz əmələ görə o, neçə il müddətində azadlıqdan məhrum edilə bilər?
DenMedia.az xəbər verir ki, bunu Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, hələlik bu iddialar təsdiqini tapmadığı üçün konkret Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu məlum deyil.
Onun sözlərinə görə, burada söhbət çox ağır cinayətlərdən gedir və ehtimal olunur ki, azadlıqdan məhrumetmə 15 ildən az olmayacaq:
“Azərbaycanda dövlət məmurları və vəzifəli şəxslərin böyük əksəriyyəti korrupsiya ilə məşğuldur. Lakin bu hallarda əsas məsələ korrupsiyanın miqdarıdır. Burada söhbət çox böyük məbləğlərdən gedir, adi kiçik mənimsəmələrdən yox. Azərbaycanın imicindən danışırıq, dünyaya əsasən neft satırıq və bu sahədə nüfuzumuz var. Belə bir problem isə ölkənin nüfuzuna ciddi zərbədir və artıq dövlət təhlükəsizliyi məsələsinə çevrilir. Bu cinayətdə yalnız Adnan Əhmədzadənin rolu deyil, digər şəxslərin, xarici qüvvələrin də əli ola bilər. Boru və əsas vasitələr, maddələr Adnan Əhmədzadənin əlində deyil axı deyək ki, özü filan maddəni neftə qarışdırıb. Deməli, burada onunla xeyli adam əlbir olub. Qəbul edən tərəflərin də bu işdə iştirakını istisna etmək olmaz. Bu adam məhsulunun qəbul ediləcəyindən əmin olduğu üçün rahat göndərib. Buna görə də məsələ yalnız adi korrupsiya deyil, potensial beynəlxalq miqyaslı cinayət xarakteri daşıyır. Burada bizi sevməyən qüvvələrin rolu ola bilər”.
İqtisadçı baş verənləri Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin əməli ilə müqayisə edib:
“Baş verənləri Cahangir Hacıyevin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanın miqyası ilə müqayisə edə bilərəm. Dövlət məmurları adətən azadlıqdan məhrum edilsələr də, bir müddətdən sonra azadlığa buraxılırlar. Amma Cahangir Hacıyev artıq 10 ildir həbsdədir və onu azad etmirlər. Çünki o, sıradan bir korrupsiya etməyib. Cahangir Hacıyev 2015-ci ildə Azərbaycanın maliyyə sisteminə ciddi ziyan vurmuşdu. Milli valyutanın devalvasiyası onunla, böyük itkilər onun fəaliyyəti ilə bağlı idi. Hətta Cahangir Hacıyevin xarici qüvvə ilə əlbir olduğu deyilmirdi, burda isə artıq iddialar səsləndirilir. Bu vəziyyət göstərir ki, söhbət çox ciddi və ağır cinayətdən gedir. Eyni zamanda, daxili nəzarət sisteminin işləməməsi də əsas problem olaraq qalır. SOCAR və digər dövlət qurumlarının bu halları görməməsi və nəzarətin olmaması diqqət çəkir. Bu səbəbdən yaxın gələcəkdə daha çox şəxsin məsuliyyətə cəlb olunacağı gözlənilir”.