İsrail və Livan ABŞ-la çərçivə sazişi imzalayıb. ABŞ dövlət katibi Marko Rubio bu sənədi sülhə doğru “ilk addım” adlandırıb.
“Euronews”un məlumatına görə, Rubio İsrail və Livanın ABŞ-dakı səfirləri ilə birlikdə cümə günü çərçivə sazişinin imzalandığını elan edib. Sənəd İsrail ilə İranın dəstəklədiyi Livan şiə qruplaşması “Hizbullah” arasında aylarla davam edən münaqişədən sonra sülhə aparan ilk mərhələ kimi təqdim olunub.
Rəsmilər hələlik sazişin detalları barədə məlumat açıqlamayıblar. Sənədi İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter və Livanın ABŞ-dakı səfiri Nada Hamade imzalayıblar.
Hamade bildirib ki, çərçivə sazişi Livanın suverenliyi və ərazi bütövlüyünün bərpası, döyüş əməliyyatlarının daimi və yekun şəkildə dayandırılması, insanların öz torpaqlarına qayıtması və bütün livanlıların sülh, təhlükəsizlik və rifah içində yaşaması üçün ilk addımdır.
Leyter isə qeyd edib ki, bu çərçivə sazişinin son məqsədi iki ölkə arasında sülhün əldə edilməsidir.
“Bu, hər iki ölkənin təhlükəsizlik şəraitində yaşayacağı, İsrail və Livanın suverenliyinin tanınacağı, qorunacağı və ona hörmət ediləcəyi real sülhdür”, — deyə Leyter bildirib.
Onun sözlərinə görə, konkret nəticələrə əsaslanan bu üçtərəfli çərçivə sazişində İran və “Hizbullah” kənarda saxlanılıb, İsrail və Livan arasında sülhə aparan yol isə açılıb.

