İsrailin “The Jerusalem Post” qəzeti Yaxın Şərqdə dəyişən güc balansına dair yayımladığı təhlildə Türkiyənin son dövrdə regional təsirini əhəmiyyətli dərəcədə artırdığını yazıb.
“Star” qəzetinin “The Jerusalem Post”a istinadən yaydığı xəbərə görə, mövcud strateji mənzərədə diqqət çəkən, lakin kifayət qədər təhlil edilməyən əsas proseslərdən biri Türkiyənin öncüllük etdiyi yeni regional quruluşdur.
Təhlildə Türkiyə, Qətər və Pakistan arasında formalaşdığı iddia edilən yeni oxun mərkəzində Ankaranın dayandığı bildirilir. Səudiyyə Ərəbistanı və Misirin də gələcəkdə bu struktura yaxınlaşa biləcəyi qeyd olunur.
Qəzet Türkiyənin təsir dairəsini Asiya, Yaxın Şərq və Afrikaya qədər genişləndirə biləcəyini yazıb. Bu baxımdan ən diqqətçəkən nümunə kimi Suriya göstərilib. Təhlildə Bəşər Əsəddən sonrakı dövrdə Dəməşq üzərində ən güclü təsirə malik ölkənin Türkiyə olduğu irəli sürülüb.
“The Jerusalem Post” Türkiyənin yalnız Suriyada deyil, İraqda və HƏMAS-la münasibətlərdə də mühüm aktor olduğunu vurğulayıb. Qəzet Ankaranın son illərdə bölgədə siyasi və diplomatik təsirini davamlı şəkildə artırdığı qənaətinə gəlib.
Livanla bağlı hissədə Türkiyənin xüsusilə Tripoli və Akkar bölgələrində, eləcə də türkmən əhali üzərindən nüfuzunu genişləndirməyə çalışdığı iddia edilib.
Təhlildə Ankara ilə Doha arasında son on ildə iqtisadi, hərbi və diplomatik sahələrdə güclü strateji tərəfdaşlığın qurulduğu bildirilib. Türkiyənin Qətərdən mühüm həcmdə təbii qaz idxal etdiyi və bu ölkədə daimi hərbi bazaya malik olduğu xatırladılıb.
Pakistan isə sözügedən “strateji üçlüyün” üçüncü dayağı kimi təqdim olunub. Türkiyənin Pakistanın mühüm silah təchizatçılarından biri olduğu, iki ölkə arasında müdafiə əməkdaşlığının və qarşılıqlı investisiyaların artdığı qeyd edilib.
Qəzet həmçinin Ankaranın BMT çərçivəsində Kəşmir məsələsi də daxil olmaqla bir sıra beynəlxalq mövzularda Pakistanla oxşar mövqe sərgilədiyini yazıb.
Təhlilin sonunda rəsmi müdafiə ittifaqı olmasa da, Türkiyə, Qətər və Pakistanın bir-birini tamamlayan iqtisadi, hərbi və strateji imkanlara malik olduğu iddia edilib.
“The Jerusalem Post” Qətərin maliyyə gücünün, Türkiyənin hərbi imkanlarının və Pakistanın nüvə potensialının yeni güc balansı yaratdığını, bu yaxınlaşmanın isə İsrail və bölgədə Qərbyönlü siyasət yürüdən ölkələr üçün yeni strateji çağırış sayıla biləcəyini yazıb.

