Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev iki ay müddətinə həbs edilib.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Musayev Laçın istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçib. Sentyabrın 26-da onun xidmət yerində olmadığı müəyyən edilib və bundan sonra axtarışlara başlanılıb.
Hadisə ilə bağlı Hərbi Prokurorluqda aparılan araşdırma nəticəsində Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən olunub və cinayət işi başlanılıb.
Sonradan hərbçinin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti qurumları tərəfindən saxlanıldığı məlum olub.
Baş Prokurorluq bildirib ki, hadisənin bütün hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan və Ermənistanın müvafiq dövlət qurumları arasında təmaslar davam etdirilir.

