Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda 2013-cü ildə 52 nəfərin həyatını itirdiyi terror aktında ittiham olunan Mihraç Ural (Əli Kiyali) Suriyada ölkədən qaçmağa çalışarkən saxlanıldı.
Bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
Bildirilib ki, 2013-cü ildə Suriyanın sahilyanı bölgəsində yerləşən Banyas və Beyda kəndlərində törədilən qətliamların əsas məsul şəxsi hesab olunan Mihraç Ural sərhədi keçərək ölkədən qaçmağa cəhd göstərərkən yaxalanıb.
Suriyanın Baş Kəşfiyyat İdarəsi Uralı sərhədi keçməyə çalışdığı zaman saxlayıb. Onun hansı ölkəyə qaçmaq istədiyi barədə məlumat verilməyib.
Mihraç Uralın məhkəmə zalına gətirildiyi ilk görüntülər də yayımlanıb.

1956-cı ildə Antakyada doğulan Ural qanunsuz təşkilat fəaliyyəti ilə əlaqədar həbsdə olduğu Türkiyədən 1982-ci ildə Suriyaya qaçıb.
O, Əsəd ailəsi ilə qohumluq əlaqələri olan həyat yoldaşı Malak Fadel vasitəsilə Suriyanın o zamankı Prezidenti Hafiz Əsədin qardaşı Cəmil Əsədlə yaxın münasibətlər qurub. Əldə etdiyi imtiyazlar sayəsində Suriyada varlı şəxslərdən birinə çevrilib.
Ural Hatayın Samandağ rayonu və ətraf ərazilərdə yaşayan əhali arasında Suriya rejiminə rəğbət yaratmaq istiqamətində fəaliyyət göstərib.
Ərəb baharı və Suriyada xalq etirazlarının başlamasından sonra Ural 2012-ci ilin əvvəllərində məzhəb zəminində fəaliyyət göstərən “İsgəndərun Sancağının Azadlığı Uğrunda Xalq Cəbhəsi – Suriya Müqaviməti” təşkilatını fəallaşdırıb.
Həmin il onun oğlu Bədrəddin İbrahim Ural da Suriya ordusunda leytenant rütbəsi ilə xidmətə başlayıb.
Özünə bağlı silahlı dəstələrlə Latakiyanın Kəsəb və Basit bölgələrində nəzarəti ələ keçirən Uralın adı 2013-cü il mayın 3-də Banyas və Beyda kəndlərində əksəriyyəti qadın və uşaqlardan ibarət azı 150 nəfərin öldürüldüyü qətliamla əlaqələndirilib.
Ural həmçinin 2013-cü il mayın 11-də Reyhanlıda 52 nəfərin həyatını itirdiyi bombalı hücumların təşkilində ittiham olunub.
Hadisəni araşdıran Adana Respublika Prokurorluğunun ittiham aktında hücumun Ural tərəfindən devrilmiş Əsəd rejiminin kəşfiyyat xidməti ilə birlikdə planlaşdırıldığı bildirilib.
“Suriya Müqaviməti” təşkilatının rəhbəri olan Ural 1970-ci ildə yaradılan qanunsuz Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsindən (THKP-C) ayrılan şəxslərin formalaşdırdığı THKP-C/Acilcilər təşkilatının da qurucuları arasında yer alıb.
O, uzun illər “Acilcilər” qrupunun əsas rəhbərlərindən biri olub.

