Bu gün Füzuli şəhərinin Ermənistan işğalından azad edilməsinin altıncı ildönümüdür.
2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin ən mühüm uğurlarından birinə imza ataraq Füzuli şəhərini işğaldan azad edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Füzuli rayonunun bir sıra yaşayış məntəqələri düşmən nəzarətindən çıxarılıb.
Füzuli şəhərinin azad edilməsi xəbərini Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciəti zamanı elan edib.
Dövlət başçısı həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğaldan azad olunduğunu bildirib.
Füzuli uğrunda döyüşlər müharibənin ən ağır hərbi əməliyyatlarından biri olub. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin müqavimətini qıraraq onları geri çəkilməyə məcbur edib. Əməliyyatlar zamanı qarşı tərəfin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Füzulinin azad edilməsi uğrunda göstərilən qəhrəmanlığın əbədiləşdirilməsi məqsədilə “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşlərdə fərqlənən hərbi qulluqçular bu medalla təltif ediliblər.
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi müəyyənləşdirilib.
Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində Füzuli şəhəri və rayonun bir çox yaşayış məntəqələri dağıdılıb, tarixi-mədəni abidələrə, dini məkanlara, qəbiristanlıqlara və təbiətə ciddi ziyan vurulub.

